“Komandaların şəkil çəkdirməsi, oyunçuların salamlaşması və hakimlə görüşməsi qadağandır”

Bu gün AFFA-nın inzibati binasında premyer liqanın 2020/2021-ci illər mövsümünün püşkatması keçirildi. Allsport.az xəbər verir ki, peşəkar futbol liqasının pezidenti Ramin Musayev yeni mövsümlə bağlı danışıb:

“Ekran başında bizi izləyən hər kəsi salamlayıram. Bütün futbol ailəsinin gözü aydın olsun, yeni mövsümə başlayırıq. Ümid edirəm ki, yeni mövsüm keçən ilkindən fərqli olaraq sona qədər keçiriləcək. Bu mövsüm bir sıra yeniliklər tətbiq edəcəyik. Bilirsiniz ki, əvvəllər qərar var idi ki, vəziyyətlə əlaqədar olaraq oyunlarda 5 dəyişikliyə icazə verilsin. Biz bu barədə apardığımız müzakirələrdən sonra qərara gəldik ki, 2020/2021 mövsümündə futbolçu dəyişikliyi sayı 3 olsun.

Daha sonra oyunçu limiti ilə bağlı demək istəyərdim ki, keçən il olduğu kimi qalacaq. Komandalar meydançaya 6 əcnəbi, 4 yerli, 1 1998 və ya daha gənc təvəllüdlü futbolçu ilə çıxa bilərlər. Klublarımızdan xahiş edirik ki, virusun yayılmasının qarşısını almaq üçün bütün qaydalara tam olaraq riayət etsinlər. Qaydalar haqqında məktubları onlara göndərmişik. Stadiona gələn klub nümayəndələri mütləq maska taxmalıdırlar. Yalnız baş məşqçi, futbolçu və hakimlər maska taxmaya bilərlər.

Oyundan öncə komandaların şəkil çəkdirməsi, oyunçuların bir-biri və hakimlə görüşməsi qadağan olunur. Görüşlər azarkeşsiz keçiriləcək. Bu fanatlarımızın özlərinin sağlamlığı üçün vacibdir. Bizi başa düşəcəyinizə inanırıq. Avrokuboklarda iştirak edəcək bütün klublarımıza uğurlar arzu edirik. Mətbuatda yazıldığı kimi, püşkün düşərli olduğunu düşünürəm, amma arxayınlaşmaq olmaz. Bütün komandalarımız Azərbaycanı təmsil edir. Hamınızın yanındayıq”.

Daha sonra söz demək növbəsi futbol veteranı, idman şərhçisi, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılova çatdı:

“Nəhayət ki, çoxsaylı yerli çempionat azarkeşlərinin gözlədiyi gün gəlib çatdı. Təbii olaraq pandemiya bütün sahələrə olduğu kimi futbola da ziyanlar vurdu. İstənilən halda futbolçularımızın sağlamlığı əsas prioritet olduğu üçün mövcud vəziyyətlə barışmaq lazımdır. Avrokuboklarda iştirak edən klublarımızın əzmkarlıq göstərəcəklərinə inanıram. Bütün klublarımıza, avrokuboklarda iştirak edənlərə uğurlar arzulayıram. Bayramınız mübarək! Bu gün bizim futbol bayramımızdır.”

Daha sonra Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov yeni mövsüm barəsində bəzi məlumatlar verdi:

“Məndən öncə Ramin müəllim yeni mövsümlə bağlı əsas məsələlərə aydınlıq gətirdi. Mən sadəcə bəzi əlavələr etmək istəyərdim. Bu mövsüm biz Əsasnamə ilə yanaşı, Əsasnaməyə əlavə də yazacağıq. Pandemiya ilə əlaqəli qaydalar Əlavədə qeyd olunacaq. Əlavəni yazarkən Avropa Peşəkar Futbol Liqaları ilə qarşılıqlı təcrübədən, beynəlxalq qaydalardan yararlanmışıq. İlk dəfə olaraq stadionlarımız zonalara bölünəcək. Əsasnaməyə əlavə tam hazır olan kimi bu barədə bütün ictimaiyyət məlumatlandırılacaq.”

Tədbirin sonunda PFL prezidenti Ramin Musayev “CBC Sport”un şərhçisi Pərviz Musayevin suallarını cavablandırdı:

– Sizi püşkatma münasibətiylə təbrik edirəm. “Şər deməsən, xeyir gəlməz” deyirlər. Əgər çempionatın gedişində futbolçulardan hər hansı birində virusa yoluxma olsa, hansı qərarlar veriləcək? Vəziyyət necə tənzimlənəcək?
– Elə bir an yaşamaq istəməzdik. Əgər virusa yoluxma olsa, bizdən üst qurumların verdiyi qərarlar əsasında hərəkətlər edəcəyik.

– Avrokuboklarda iştirak edən komandalardan hansısa I turda oyunun təxirə salınmasını istəsə, təxirə salınacaqmı? Və göründüyü qədəri ilə bir tur oynanıldıqdan sonra milli komandanın toplanışı ilə bağlı çempionatımızda fasilə olacaq?
– Bəli, düz buyurursunuz. Milli komandamızın yeni baş məşqçisinin istəyi ilə 28 avqustda təlim-məşq toplanışının başlaması nəzərdə tutulub. 21-i çempionat başlayacaq. Əgər baş məşqçi təlim-məşq toplanışı etməsə, avqustun 30-da 2-ci turu keçirməyi düşünürdük.

– Pandemiya bir sıra qurumlara maddi planda ziyanlar vurub. Bu mövsüm sponsorun olmayacağı dəqiqdir, yoxsa mövsümün gedişində titul sponsoru ola bilər?
– Düz deyirsiniz ki, pandemiya bir çox şirkətlərə, qurumlara maddi ziyanlar vurub. Ötən mövsümün sonuna yaxın, mart-aprel aylarında yeni sponsorla müqavilə bağlamağımız gözlənilirdi. Təəssüf ki, mövcud vəziyyətlə əlaqədar alınmadı. Lakin mövsümün gedişində ola bilər ki, eyni şirkətlə sövdələşməyə gedək. Bunu zaman göstərəcək.

Həmin kateqoriyadan