Rio-2016-ya doğru: Lisenziyalar necə qazanılır – əsas medal növlərinin ümid yeri

2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək yay olimpiadasına lisenziyaların necə qazanılması ilə bağlı ikinci məqaləni təqdim edirik. Onu daim əsas olimpiya ümidlərimiz sayılan növlərə həsr edirik.

Boks

Qarşıdakı seçmələr – KİŞİLƏR – 20 aprel-1 may 2016. İstanbul, Türkiyə (Avropa qitəsi üzrə təsnifat turniri); 13-22 may 2016. Sofiya, Bolqarıstan (WSB/APB təsnifatı); 7-19 iyun Bakı (Dünya təsnifat turniri). QADINLAR – 1-14 fevral 2016. Astana, Qazaxıstan (qadınların dünya çempionatı); 20 aprel-1 may 2016. İstanbul, Türkiyə (Avropa qitəsi üzrə təsnifat turniri).

Yeni əsrlə başlanan böyük olimpiya ümidlərimizin aparıcı simaları sırasında boksçular da yer alırlar. Onlar Sidneydən üzü bu yana hər Oyunlardan  ölkəmizə medalla qayıdıblar. Bu dəfə də yeni ulduzların parlayacağı istisna deyil. Xüsusən, ilk Avropa Oyunlarında parlamış Elvin Məmişzadə (52 kq) və Pərviz Bağırov (69 kq) keçən ay Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatından da ölkəmizə medallar gətirdilər. Elvin – qızıl, Pərviz – bürünc medal qazanmaqla həm də olimpiya lisenziyasının sahibi oldular. Boksda daha bir lisenziyanı Albert Səlimov (60 kq) qazanıb. O, AİBA Dünya Boks Seriyasının (WSB) ötən mövsümkü yekunlarının nəticəsində vəsiqə sahibi olub. Boks lisenziyaları ötən ilin oktyabrından bu ilin sentyabrına qədər davam etmiş “AIBA Pro Boksinq” (APB) yarışının yekununa əsasən paylanıb.

Əlbəttə, yarışlar bununla tükənmir və gələn il də davam edəcək. BOK üzvü olan bütün assosiasiyalar olimpiya boks turnirinə hər çəkidə yalnız bir idmançı çıxara bilərlər. Özü də hər dəri əlcək ustası vəsiqəni ölkəsi deyil, özü üçün qazanır. Başqa sözlə, olimpiadada o özü çıxış edə bilər. Milli qurumlar – olimpiya komitəsi və federasiya isə yalnız eyni çəkidə iki idmançı lisenziya  sahibi olduqda, onlar arasında seçim edə bilər.

Qadınların dünya çempionatı 51 kq, 60 kq və 75 kq çəki dərəcələrinin hər birində 4 vəsiqə əldə etməyə şans verəcək. İstanbuldakı Avropa təsnifat turnirində kişilər və qadınlar eyni zamanda yarışacaqlar. Qadınlar qeyd edilən çəkilərdə daha iki lisenziya almaq fürsətini qaçırmamağa çalışacaqlar. Çünki bu onların son şansıdır. Kişilər hər çəkidə 3 lisenziya uğrunda mübarizə aparacaqlar. Sofiyadakı turnirlərdə isə Dünya Boks Seriyası (WSB) və Proboksinq (APB) təsnifatlarında  49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəkilərdə – 3, 91 kq və 91 kq-dan yuxarı çəkilərdə 1 yer uğrunda mübarizə olacaq.

Nəhayət, olimpiyaçı olmaq üçün Bakı son ümid məkanına çevriləcək. Bu yarışda 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq çəkilərdə – 5, 49 kq-da – 2, ən yuxarı iki çəkidə isə 1 lisenziyanın taleyinə aydınlıq gətiriləcək.
Ümumiyyətlə, qeyd edək ki, olimpiadanın avqustun 6-dan 21-dək keçirilməsi planlaşdırılan boks proqramında 13 dəst medal uğrunda 250 kişi (10 çəki dərəcəsi) və 36 qadın (3 çəki), cəmi 286 dəri əlcək ustası mübarizəyə qoşulmalıdır. Ənənə üzrə yarımfinalda məğlub olan hər iki idmançıya bürünc medal təqdim ediləcək.
Yarışlar Barra Olimpiya Parkından 5 dəqiqəlik məsafədə yerləşən “Riosentru” mərkəzinin 2-ci pavilyonunda keçiriləcək. Bu saray Rio de Janeyronun əsas sərgi və qurultaylar mərkəzi kimi tanınır.

Güləş

Qarşıdakı seçmələr – 15-17 aprel 2016.  Zrenyanin, Serbiya (Avropa olimpiya təsnifat turniri); 22-24 aprel 2016. Ulan-Bator, Monqolustan (Dünya olimpiya təsnifat turniri); 6-8 may 2016. İstanbul, Türkiyə (Qitələrarası olimpiya təsnifat turniri).

Ölkəmizin bütün olimpiadalarda əsas qələbə, medal ümidləri pəhləvanlardır. Bu münasibətə də müvafiq cavab verən bahadırlarımız həmişə ölkənin bayrağını uca tutublar. Yəqin Rioda da belə olacaq. Üstəlik, medal qazanmağa real namizədlərimizin çəkisi uyğun gələnlərin hamısı lisenziya sahibidir.  Bunu onlar ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında da yetərincə sübut ediblər. Yunan-Romada Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) indi milli komandanın əsas heyətindəki yerlərini qorumağa çalışmalıdırlar. Bu proqam üzrə yalnız 66 və 98 kq-da vəsiqə qazanmaq qalır. Rəsul Çunayev çempion titulunu 71 kq-da qazandığı üçün, lisenziya qazanmayıb.

Qadın pəhləvanlar lisenziyaların tən yarısını qazanıblar. Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviçə (58 kq) qoşulmaq istəyənlər 63 kq, 69 kq və 75 kq-da yarışlardan qalib ayrılmalıdırlar. Sərbəst üsul bahadırlarından olimpiya çempionu Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) vəsiqə əldə edibsə, 57 və 74 kq çəkilərdə boş yerlər var. Yeri gəlmişkən, mundialda əsas olimpiya ümidlərimizdən Hacı Əliyev 61 kq-da çempion olduğundan, bəxtini bir daha və başqa çəkidə sınamalıdır.

Güləşdə hər ölkə çəki prinsipi ilə cəmi bir idmançını sifariş edə bilər. Özü də olimpiya lisenziyası qazanmış idmançılar komandadakı yerlərini təmin olunmuş saymamalıdırlar. Çünki əldə etdikləri nailiyyət yalnız ölkənin hesabına yazılır.
Avropa təsnifat turnirlərində də şərtlər ağırdır. Avropa təsnifatında – Serbiyada hər çəki üzrə yalnız finalçılar olimpiyaçı statusu  əldə edəcəklər.

Bundan sonrakı yarışlarda dünyanın hər bir yerindən lisenziya qazana bilməyənlər bəxtlərini bir yerdə sınayacaqlar. Ulan-Batorda kişilər arasında ilk 3 yerin sahibi, qadınlarda isə finalçılar Rioya bilet sifariş edə biləcəklər. İstanbulda olimpiyaçı olmaq istəyənə bir şərt-bir tələb olacaq: finala yüksəlmək.

Olimpiadaya 344 güləşçi vəsiqə əldə edə biləcək ki, onların 108-i qadınlar olacaq. Bu siyahıya müvafiq olimpiya komissiyasının seçəcəyi daha 8 idmançı da daxildir. Onlar avqustun 14-dən 21-dək, tam bərabər bölünməklə, 18 çəki dərəcəsi üzrə (Yunan-Romada – 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq; sərbəst kişi – 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq, 125 kq; sərbəst qadın – 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq) medalçı olmağa çalışacaqlar. Yarışlar avqustun 14-dən 21-dək Barra da Tijuka rayonundakı Olimpiya Məşq Mərkəzinin 3-cü zalında keçiriləcək.

Cüdo

Qarşıdakı seçmələr – 29 may 2016 (2014-cü il mayın 30-dan başlanmış təsnifat dövrünün reytinq xalları hesabı əsasında).

Həmişəki kimi, cüdonun  əsas medal ümidləri sırasında yer alması təbiidir. Axı, 1992-ci ildə yalnız müstəqil ölkəmizin bayrağının ucaldığı yarışdan üzü bu yana 2 dəfə olimpiya çempionu və bir medalçı tatami ustalarına da yüksək tələblər irəli sürməyə əsas verir. Bu növ üzrə yarışlarda hər ölkə bir çəki üzrə cəmi bir idmançıya güvənməlidir. Hər bir idmançı lisenziya uğrunda fərdi mübarizə aparır. Cüdoda lisenziyanı yalnız reytinq xalları üzrə qazanmaq mümkündür. Dünya reytinqində heç bir məhdudiyyət olmadan reytinqdə ən yüksək xala malik idmançılar – kişilərdə 22, qadınlarda 14 kimono ustası olimpiyaçı statusu qazanır. Bu isə, çəkilər nəzərə alınmaqla, birbaşa 252 lisenziya deməkdir. Olimpiya çəkilərinə kişilərdə – 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq; qadınlarda – 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq daxildir.

Ümumiyyətlə, olimpidada yarışacaq 386 idmançıdan 145-i qadın, 221-i kişi olacaq. Bu saya olimpiya komissiyasının seçəcəyi daha 20 (kişi, ya qadın) idmançı da daxildir. Qeyd edilən reytinq vəsiqələrindən əlavə, qitələr üzrə təsnifat cədvəli də olacaq. Avropa üzrə ən yuxarı reytinqə malik 14 kişi, 11 qadın cüoçu da Rioya bilet sifariş edə biləcək. Özü də bu siyahıya namizəd kimi hər bir ölkə cəmi bir, hər çəkidə isə 2 idmançısının adını hallandıra bilər. Ona görə də bu siyahılara diqqətlə nəzər salmaq zamanıdır. Çünki bundan sonrakı mərhələlərdə əmsalları artırmaq üçün dəqiq hesablar aparmaq da lazım gələcək.

Olimpiadanın cüdo proqramı da, güləş kimi, Barra Olimpiya parkının 2-ci zalında keçiriləcək. Turnirin avqustun 6-dan 12-dək keçirilməsi nəzərdə tutulur.
Maraqlıdır, bəs reytinq xalları  necə yığılır? Beynəlxalq Cüdo Federasiyası təsnifatı 7 yarış növü üzrə bölüb. Tatami ustaları hətta bir qələbəyə görə də xal alırlar. Yarış növlərinə görə isə xallar belə verilir:
Qitə açıq turnirləri – 100 xal (1-ci yer), 60 (2-ci), 40 (3-cü), 20 (5-ci), 16 (7-ci), 12 (1/16 final), 8 (1/32) və 4 (1 qələbə);

Qran-pri – 300 xal (1-ci yer), 180 (2-ci), 120 (3-cü), 60 (5-ci), 48 (7-ci), 36 (1/16 final), 24 (1/32) və 12 (1 qələbə);
Qitə çempionatları – 400 xal (1-ci yer), 240 (2-ci), 160 (3-cü), 80 (5-ci), 64 (7-ci), 48 (1/16 final), 32 (1/32) və 16 (1 qələbə);
“Böyük dəbilqə” (qrand-masters) – 700 xal (1-ci yer), 420 (2-ci), 280 (3-cü), 140 (5-ci), 112 (7-ci) və 28 (1 qələbə);
Dünya çempionatları – 900 xal (1-ci yer), 540 (2-ci), 360 (3-cü), 180 (5-ci), 144 (7-ci), 108 (1/16 final), 72 (1/32) və 36 (1 qələbə).

Azərbaycan idmançılarının noyabrın 1-nə olan reytinq vəziyyəti belədir:
Kişilərdə

60 kq (22-ci yerin reytinqi – 714 xal). Orxan Səfərov (6-cı yer, 1786 xal), İlqar Müşkiyev (27-ci, 632);
66 kq (708). Nicat Şıxəlizadə (7-ci, 1340), Tərlan Kərimov (44-cü, 369);
73 kq (811). Rüstəm Orucov (1-ci, 2226), Hüseyn Rəhimli (63-cü, 276);
81 kq (800). Əbdülhəqq Rəsullu (74-cü, 207), Məmmədəli Mehdiyev (83-cü, 154);
90 kq (740). Məmmədəli Mehdiyev (44-cü, 403), Ramin Qurbanov (52-ci, 336);
100 kq (808). Elmar Qasımov (2-ci, 2378), Elxan Məmmədov (23-cü, 777);
+100 kq (789). Uşangi Kokauri (40-cı, 404).

Qadınlarda

48 kq (14-cü yerin reytinqi – 1146). Aişə Qurbanlı (65-ci, 119), Leyla Əliyeva (84-cü, 64);
52 kq (1021). Gülşən Nəzərova (98-ci, 42);
57 kq (1202). Kifayət Qasımova (60-cı, 203);
63 kq (910). Xanım Hüseynova (72-ci, 117);
70 kq (1182). Validə Mirzəzadə (129-cu, 6); Nərgiz İbrahimova (135-ci, 4);
78 kq (1087). Leyla İsgəndərli (108-ci, 4), Günel Həsənli (109-cu, 4);
+78 kq (918). İdmançı yoxdur.

Qitələr üzrə vəziyyət tez-tez dəyişdiyindən, yekuna son aylarda nəzər salmaq lazım gələcək.

BATI YAR

Həmin kateqoriyadan