Sənan Qurbanov: Çempionatın əvvəlində bəxt səbəbindən itirdiyimiz xalların indi acısını çəkirik

Topaz premyer liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun fikri ilə tanış edir:

“Oyuna hazırlaşmaqla bağlı iradım yoxdur. Futbolçular oyuna yaxşı hazırlaşmışdılar. Rəqibin analizi zamanı rəqibin təhlükəli olduğu mövqeləri məsuliyyətlə, diqqətlə izləyirdilər. Matçın əvvəlində kiçik diqqətsizlik qolla nəticələndi. Sonradan qol vurduq. Futbolçular taktiki olaraq funksiyaları yerinə yetirdilər.

Oyunun sonlarında buraxdığımız qol məğlubiyyətə səbəb oldu. Bu üzdən üzgünük. Stiven Monroz və Ceyms Adeniyi həm fərdi, həm komanda şəklində müsbət keyfiyyətlərə malikdirlər. Çalışırdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Bəzi epizodlar qane etdi. Əlbəttə, daha yaxşı oynaya bilərlər.

Amma sonda məğlub olduqsa, deməli təkcə onlar deyil, hamımız haradasa səhv eləmişik. Mən öz işimi maksimum yerinə yetirirəm. Çempionatın əvvəlində bəxt səbəbindən çox xallar itirdik. İndi bunun acısını çəkirik. Nəticədən isə narazıyam. Hər oyuna fərqli tapşırıqlarımız var. “Sabah”la görüşü saymasaq, komandadan narazılığım yoxdur”.

Həmin kateqoriyadan