“Sabah” ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb

Allsport.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə “Sabah”a təmənnasız icarəyə verilib. Bunun qarşılığında klub stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.

Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq, həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Qurtuluş 93 Residence” MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.

“Sabah” premyer liqaya vəsiqə qazandığı 2018-ci ildən “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Növbəti mövsümdə Azərbaycanı UEFA konfrans liqasında təmsil edəcək klubumuz ev matçlarını məhz bu arenada keçirməyi planlaşdırır.

Hazırda stadionda UEFA-nın avrokubok oyunları üçün tələb olunan kriteriyalara uyğunlaşdırılması istiqamətində təmir və bərpa işləri görülür.

Həmin kateqoriyadan