Şahin Diniyev: “Oyun 1:1 hesabı ilə də bitə bilərdi”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydanda da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək. İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar. İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1:1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. “Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə sərgilədiyimiz futbol xoşumuza gəldi”.

Həmin kateqoriyadan