“Sumqayıt” mövsümlərarası fasilədə necə hazırlaşdı?

Yeni mövsümün hazırlğının son mərhələsində olan “Sumqayıt” Premyer Liqanın ilk turunda səfərdə “Rəvan”ın qonağı olacaq. Allsport.az xəbər verir ki, bu qarşılaşma avqustun 10-da “Bayıl Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.

Qısaca da olsa, “Sumqayıt”ın mövsümlərarası fasilədəki hazırlıq prosesinə nəzər salaq. Komanda Aqil Məmmədovun rəhbərliyi altında iyulun 1-də bir araya gəlib. Təlim-məşq toplanışının ilkin mərhələsi zamanı “Sumqayıt” daha çox fiziki hazırlıq üzərində çalışıb.

İlkin mərhələ zamanı “Sumqayıt” 3 yoxlama oyunu keçirib. İlk qarşılaşmada “Dalğa Arena”da “Kəpəz”ə minimal hesabla məğlub olan komanda ardından 19 yaşadək futbolçulardan ibarət milli komandamıza 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda yeni transfer Ağabala Ramazanov və Vurğun Hüseynov fərqlənib. Daha sonra “Sumqayıt” AzAL-la doğma arenada keçirilən görüşdə sülh bağlayıb (2:2). Bu oyunda Ağabala Ramazanov dubl edib.

İyulun 15-dən etibarən isə “Sumqayıt” 10 günlük təlim-məşq toplanışına start verib. Novxanı qəsəbəsində yerləşən “Olimpik” otelində məskunlaşan komanda məşqlərini gündə iki dəfə olmaqla “Kapital Bank Arena”da keçirib. Təlim-məşq toplanışı zamanı “Sumqayıt” 4 yoxlama oyununda qüvvəsini sınayıb. Əvvəlcə 1-ci divizionun qalibi “Neftçala” ilə qolsuz heç-heçə edən Aqil Məmmədovun rəhbərlik etdiyi komanda daha sonra “Ağsu” üzərində 2:1 hesablı qələbə qazanıb. Bu oyunda Nuran Qurbanov və Uğur Pamuk hərəyə bir dəfə fərqlənib. Ardından əvəzedici komandanı sınağan çəkən “Sumqayıt” 5:1 hesablı qələbə qazanıb. Komanda son hazırlıq oyununda isə AzAL-la səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb. Bu qarşılaşmada Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Vurğun Hüseynov fərqlənib.

Qeyd edək ki, “Sumqayıt” mövsümlərarası fasilədə 1 neçə futbolçunu heyətinə qatıb. Gənclik şəhəri təmsilçisi Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov, Elnur Abdulov, Tural Abbaszadə, Ayaz Mehdiyev, Amit Quluzadə kimi futbolçularla güclənib. Bundan başqa, “Sumqayıt” öz futbolçuları, Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Tofiq Mikayılov və kapitan Aleksandr Çertoqanovla yeni müqavilə imzalayıb.

“Sumqayıt”ın keçirdiyi yoxlama oyunları:

“Kəpəz” – “Sumqayıt” FK 1:0
(“Dalğa Arena” / 05.07.2015)

“Sumqayıt” FK – U-19 millisi 2:1
(“Kapital Bank Arena” / 09.07.2015)

“Sumqayıt” FK – AzAL 2:2
(“Kapital Bank Arena” / 11.07.2015)

“Sumqayıt” FK – “Neftçala” 0:0
(“Kapital Bank Arena” / 17.07.2015)

“Sumqayıt” FK – “Ağsu” 2:1
(“Kapital Bank Arena” / 23.07.2015)

“Sumqayıt” FK – Əvəzedici komanda 5:1
(“Kapital Bank Arena” / 29.07.2015)

AzAL – “Sumqayıt” FK 3:3
(“AzAL Arena” / 01.08.2015)

(klub saytı)

Həmin kateqoriyadan