Tərlan Əhmədov: “Kəpəz”lə yola davam etmək, komandanı yüksək yerlərə daşımaq istəyirəm

Mayın 27-də “Kəpəz” premyer liqanın 36-cı turunda səfərdə “Qəbələ” ilə 1:1 oynadı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov bunu dedi:

“Son oyunu yüksək ovqatla başa vurduq. Hər xal qənimətdir, gələcək üçün motivasiyadır. Məqsədimiz, premyer liqada qalmaq idi, onu bacardıq. Azarkeşlərə də təşəkkür edirəm, sonadək bizə dəstək verdilər.

9 ayda çoxsaylı Gəncə tərəfdarı mənə arxa durdu. Bütün təzyiqə rəğmən, bu məni çox ruhlandlrdı. Əgər öncələr komandanı ölkə çempionatında saxlayıb getməyi düşünürdümsə, indi artıq qalıb yola davam etmək, “Kəpəz”i yüksək yerlər uğrunda mübarizəyə daşımaq istəyirəm.

Rəhbərliklə mayın 24-də görüşüm olub. Gəncəyə gəldiyim ilk gündən durumu bilirdim. Nə imkan yaratsalar, ona uyğun hərəkət edəcəyəm. Sonadək burdayam.

Başqa klublardan təklif gəlməyib. Bəzi şeyləri açıqlasam, Gəncədə futbolu qadağan edərlər. O zaman komandada olan vəziyyətin bir qismini bildirməliydim. Etməsəydim, bu gün “Kəpəz” sonuncu yerdə idi və premyer liqanı tərk etmişdi”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan