Uçurumun dibində: futbol veteranlarını və jurnalistləri məqsədli şəkildə üz-üzə qoyurlar

(əvvəli “Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə” başlıqlı yazıda)

AFFA futbolun inkişaf etməməsi üçün hər şey edir. Allsport.az saytı xəbər verir ki, ortaya mütərəqqi qüvvələr çıxınca da onların məhvinə çalışır, insanları bir-birinə qarşı qoyurlar. Məsələn, son vaxtlar Nazim Süleymanov etiraz edənlərin önündə gəlməyə başlayıb. Bir qrup veteran onun ətrafında birləşib, təşkilat yaradıb, AFFA-nın işində sağlamlaşmaya nail olmaq istəyir. Hansısa hakimiyyət iddiası yoxdur, sadəcə, futbolun uçurumun dibində qalması onları narahat edir və təşkilatlanırlar. Bəlkə də alternativ qüvvə kimi görsənirlər, ancaq əsas olan odur ki, pis niyyətləri yoxdu, dövlətin göstərdiyi qayğı nəticəsində futbolumuzun daha layiqli yerlərə qalxmasında maraqlıdılar. 

Bəs, AFFA nə edir? Onları dinləmək, əməkdaşlıq etmək, düzgün fikirlərindən yararlanmaq əvəzinə, mane olmağa, hər imkanda sıralarını seyrəltməyə çalışırlar. Artıq bir neçə nəfər futbol sahəsində çalışan hansısa yaxınına edilən təzyiqlərə görə Süleymanovun lideri olduğu Həmkarlar İttifaqından uzaqlaşıb. AFFA-nın baş katibi Elxan Məmmədov bu canlanmadan o qədər qorxub ki, sakit dayanmır, AFFA-ya bağlı olan veteran təşkilatı sayəsində əks kampaniya aparır. Oqtay Abdullayevin rəhbərlik etdiyi Futbol Veteranlar İttifaqı əvvəllər ildə 2-3 dəfə yığşardı, görüşlərindən də kimsənin xəbəri olmaz, nəyi müzakirə etdikləri bilinməzdi.

İndi isə az qala hər həftə bir araya gəlirlər,özlərini işləyirmiş kimi göstərirlər. Hətta bugünlərdə imza kampaniyası aparırlar, nə ilə bağlı olduğu yəqin tezliklə bilinəcək. Abdullayevin fəallaşması təbii ki, Məmmədovun göstərişi ilədir. AFFA-nın baş katibi veteranları üz-üzə qoyur, onların normal polemikasında, dialoqunada yox, dalaşmasında, bir-birini tənqid etməsində, gözdən salmasında maraqlıdı. Oqtay bəy də plana əməl etmək məcburiyyətindədi, ona təsadüfən 2-3 vəzifə tapşırılmayıb. “Turan Tovuz”un idarəçisi olan bu şəxsin divizion klubunun maliyyələşməsində Məmmədovla şərikli sirrləri var, əlbidrilər, “ümumi maraqlar”a görə Süleymanovun səsini kəsməlidilər.

Ümumiyyətlə, futbolumuuzn “sədri-əzəmi” bəzi veteranları elə tora salıb ki, onlar pul verən sahibinə görə həmkarlığı yaddan çıxarıb. Futbolçu həmkarlığı, təəssübkeşlik qazanc hərisliyinin kölgəsində qalıb. Məsələn, Futbol Veteranlar İttifaqının son iclasında AFFA icraiyyə komitəsinin üzvü Kazbek Tuayev xoşagəlməz ifadə işlədib. Onun Süleymanov haqda danışarkən “İt hürər, karvan keçər” məsəlini dilə gətirməsi səviyyəsinin göstəricisidi. Təbii ki, Tuayevə indiki durumun davam etməsi sərf edir. O, ətrafında azərbaycanlıları yox, Markarov kimiləri görməyə öyrəşib. İndi isə illərdi əyləşdiyi rahat kreslonu, “paket”i itirmək istəmir. Hazırkı durumda ondan yarım əsrdi rəhbərlik etdiyi futbol məktəbində xərclənən milyonların qarşılığında niyə heç bir istedadın yetişməməsinin səbəbini soruşan da yoxdu. Ona görə də Tuayev Məmmədovla əlbir olmağa məcburdu, ona yenilikçilər lazım deyil. Kazbek bəy aerofobiyası olduğundan İsgəndər Cavadov, Vaqif Sadıqov, Rauf Əliyev kimi səfərlərə gedə bilmir, AFFA rəhbərliyini “hadisə yerindən” müdafiə etmək imkanından məhrumdu. Bu səbəbdən ölkədaxili tədbirlərdə imkan düşən kimi mühafizəkarlığını göstərir.

Futbolinfo.az-ın məlumatına görə, əslində, Abdullayev Süleymanovun ətrafına toplaşan veteranlarla bir olmalıdı. Çünki baş katib onu da aldadır. Məsələn, ötən il onun rəhbərlik etdiyi təşkilata 191 min manat pul ayrılıb. Amma AFFA-nın hesabatında qeyd olunan bu məbləğin bir qəpiyi də Futbol Veteranlar İttifaqının hesabına köçməyib, haralardasa yeyilib. Elə deyilsə, Oqtay bəy əksini sübut etsin, sənədləri gün işığına çıxarsın. Elə həmin məbləğin hara xərcləndiyini də. Ölkə futbolunu indiki bataqlıqdan çıxarmaq üçün veteranların önə çıxması vacibdir. Onlar öndə getməli, marketoloqları işinin dalınca göndərməlidilər. Amma Məmmədov elə oyun qurub ki, onlar bir-birinə düşmən kəsilib, futbol yaddan çıxıb, top oyununun başında bu sahədən uzaq adamlar dəlləklik edir.

Eyni ənənə idman jurnalistləri arasında da davam etdirilir. Media komitəsi yaratmaqla aləmi qatan baş katib indi də milli komanda ilə qeyri-obyektiv KİV ezamiyyəsi təşkil etməklə gərginlik yaradıb. Unudur ki, AFFA-nın himayəçisi dövlət neft şirkətidir. Qara qızıl da ölkənin, xalqın təbii sərvətidir. İdman kimi, bu səfərə aparılmalar da sosial layihədir və bunda bütün jurnalistlər iştirak etməlidir. Media siyasətində hər vəchlə assosiasiya başqanı Rövnəq Abdullayevin əleyhinə işləyən, ikibaşlı oynayan Elxan Məmmədov vəzifəsində çox qalmayacağını özü də yaxşı bilir.

Həmin kateqoriyadan