“Xəzər Lənkəran”ın əvəzedici komandasında kiçikyaşlı istedad

“Xəzər Lənkəran”ın əvəzedici komandası Lənkəranda yeni mövsümə hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, Elbrus Məmmədovun rəhbərliyi ilə komanda hər gün iki məşqə çıxır.

Heyətdə olan 23 futbolçu arasında ötən il əvəzedici və U-19 komandalarında çıxış edənlərdən əlavə baxışda olan bir neçə futbolçu da var. Toplanış ərzində həm azad agent statusuna malik futbolçular, həm də “Xəzər Lənkəran”ın aşağı yaş qruplarından cəlb olunan futbolçular baxışdan keçirlər. Amma bu futbolçulardan birinə xüsusi ilə diqqət yetirməyə dəyər. Bu, 2005-ci il təvəllüdlü Hüseynağa Səlimovdur. Böyük ehtimalla bu ad çoxlarına tanış gəlmədi. Lakin bu uşağı komandada və aşağı yaş qruplarını izləyənlərin arasında tanımayan az adam tapılar. Yaşına görə yüksək sürəti, texnikalı oyun qabiliyyətinə görə Hüseynağanı hamı “Tounkara” ləqəbi ilə çağırır. Ötən mövsüm həm U-10, həm U-11 komandasının heyətində çıxış edən Səlimov sonuncuların heyətində karyerasının ilk medalını – çempionatın bürüncünü əldə etdi.

Artıq iki gündür ki, komanda ilə məşqlərə çıxan Hüseynağa haqqında əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədovun fikirlərini dinləyək: “Bu uşaq bütün günü bazadadır. Məşqləri izləyir, ayağına top düşən kimi hər hansı bir formada çalışır. Belə qərara gəldim ki, onu toplanışa cəlb edim. Əlbəttə, yaşı çox azdır. Amma məşqlərdə olduqca çalışqandır. Məşq prosesi zamanı onda çox şeyin alındığını deyə bilərəm. Və ən əsası da odur ki, tapşırıqları düzgün başa düşür. Bu futbolçunun gələcəkdən komandanın ən yaxşı futbolçularından olacağına inanıram”.

Həmin kateqoriyadan