2 təmsilçimiz “Xəzər Kuboku”nda 1-ci oldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı qəsəbəsindəki “Sərhədçi Atçılıq Mərkəzi”nin manejində atçılığın konkur növü üzrə “Xəzər Kuboku” adlı “CSI-1*” kateqoriyalı beynəlxalq turnir başa çatıb. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Luksemburq və İrandan olan idmançılar iştrak edib.

“Xəzər Kuboku”nun ilk günü iştirakçılar hündürlüyü 125 sm olan maneələri aşıblar. Luksemburqlu Marsel Even, “Kasandra MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Günün ikinci yarışında isə iştirakçılar hündürlüyü 135 sm olan maneələri dəf ediblər. Bu dəfə də qalib adını “Kasandra MNM”lə Marsel Even qazanıb.

Yarışın ikinci günü çaparlar əvvəlcə hündürlüyü 130 sm olan maneələri keçiblər. Azərbaycan təmsilçisi Elmar Abdullayev “Vudi” ləqəbli atla birinci olub. 140 sm maneələri aşmaqda isə Gürcüstan idmançısı Şalva Qaçeçiladze fərqlənib.

Yarışın final günü isə idmançılar 145 sm-lik maneələri aşıblar. Azərbaycan təmsilçisi Patrik Mc Entee “Tall boy” ləqəbli atla bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edib.

Həmin kateqoriyadan