- Baxış sayı: 70
- 10 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan respublikası atçılıq federasiyasının təşkilatçılığı ilə baş tutan yarışlarda 3 kateqoriya üzrə 7 klub və cəmiyyəti təmsil edən 70-ə yaxın idmançı mübarizə aparıb.
Hündürlüyü 70-80 sm olan maneələrin dəf edildiyi kateqoriyada ən yaxşı nəticəni “Barat” ləqəbli atla çıxış edən Viktoriya Nduka göstərib. Respublika atçılıq və beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirməsinin komanda yoldaşı Cavid Qurbanəliyev “Burla” ilə ikinci, “Sərhədçi” klubundan Əhəd Məmmədov isə “Nabat”la üçüncü olub.
İlk beşliyi “Elite” klubunun üzvləri tamamlayıblar. Mədinə Məmmədova “Ayla” ilə dördüncü, Anar Hümbətov isə “Məğrur”la beşinci yeri tutub.
100-115 sm hündürlüyündə maneələrin dəf edildiyi kateqoriyada Anar Hümbətov “Zirvə” ləqəbli atla qalib olub. “Elite” klubunun təmsilçisi Seyid Musayev “Parlaq” və “Uca” ilə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. “Gilan” idmançısı Rahib İsmayılov “Kartanio” ilə dördüncü, “Sərhədçi”dən Azad Şükürov isə “Nabat”la beşinci olub.
125-130 sm hündürlüyündə maneələrin dəf edildiyi kateqoriyada marşrutu cərimə xalı toplamadan yalnız bir iştirakçı başa vurub. “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov “Tutu MNM” ləqəbli atla çempion olub. Seyid Musayev “Zidan”la ikinci, “Sərhədçi” klubundan Ramil İbrahimov isə “Şirin”lə üçüncü yeri tutub.
Qaliblər və fərqlənən idmançılar diplom və medallarla, çempionlar isə kubokla təltif olunublar. Mükafatları qaliblərə atçılıq federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.