Ağabaladan 1 qol və 2 yubiley

Premyer liqasının 7-ci turu “Səbail”in futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 1-ci dövrənin son turunda “Neftçi” ilə görüşdə (1:2) komandasının təsəlli qolunu vuran hücumçu ikiqat yubiley qeyd edib.

Bu top Ağabalanın 25-ci qolu olub. İlk dəfə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt, 2013-cü il fevralın 11-də “İnter”lə (indiki “Keşlə”) ev oyununda (2:3) qol sevinci yaşayan Ağabala, ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 114-cü futbolçu olub.

O, qollarından 6-nı “Xəzər Lənkəran” (2012/13 – 1, 2013/14 – 1, 2014/15 – 4), 5-ni “Sumqayıt” (2015/16), 4-nü “Keşlə”nin (2016/17) heyətində vurub.
“Səbail”in premyer liqada ən yaxşı bombardiri indiki komandasında yubiley – 10-cu qoluna imza atıb.

Ötən mövsüm 7 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirən Ağabala cari çempionatda 3-cü dəfə fərqlənib.

Həmin kateqoriyadan