- Baxış sayı: 19
- 09 İyul 2026 21:25
- Baxış sayı: 341
- İyul 08, 2026
- 0

Azərbaycan milli antidopinq agentliyi (AMADA) regionda ilk dəfə “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramına start verib.
Allsport.az xəbər verir ki, müxtəlif idman federasiyaları və təşkilatlarını təmsil edən 32 iştirakçının cəlb olunduğu proqramın əsas məqsədi antidopinq sahəsində daxili ekspert resurslarının formalaşdırılması, institusional bilik və bacarıqların gücləndirilməsi, eləcə də əldə olunan biliklərin daha geniş auditoriyaya sistemli şəkildə çatdırılmasıdır.
Proqramın təlim mərhələsi üç qrup üzrə təşkil olunub və antidopinq fəaliyyətinin əsas istiqamətlərini əhatə edən üç tematik modul, həmçinin təqdimat bacarıqları üzrə məşğələlərdən ibarət olub. İştirakçılar antidopinq sahəsində hüquqi çərçivə, testetmənin əsasları, tibbi aspektlər və təqdimat bacarıqları üzrə bilik və bacarıqlar əldə ediblər. Tədris materialları beynəlxalq antidopinq standartlarına uyğun hazırlanıb, proqramın məzmunu isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin prinsip və tələbləri nəzərə alınmaqla formalaşdırılıb.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə açılış nitqində təhsilin dopinqlə mübarizədə ən mühüm istiqamətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, antidopinq qayda pozuntularının qarşısının alınmasında ən effektiv vasitə maarifləndirmə və sistemli təhsildir.
İcraçı direktor qeyd edib ki, federasiyalarda hazırlıqlı və sertifikatlı təlimçilərin olması antidopinq təhsilinin davamlılığını və əlçatanlığını artırır, biliklərin daha çevik ötürülməsinə, idmançılar və mütəxəssislərlə müntəzəm əlaqənin qurulmasına, həmçinin təmiz idman dəyərlərinin daha səmərəli təşviqinə imkan yaradır.
Proqramın yekununda iştirakçılar nəzəri biliklər və təqdimat bacarıqları üzrə kompleks attestasiyadan keçəcəklər. İmtahanı uğurla başa vuranlara AMADA tərəfindən bir il müddətinə etibarlı rəsmi “Təlimçi sertifikatı” təqdim olunacaq.
Sertifikat alan təlimçilər təmsil etdikləri idman təşkilatlarında antidopinq mövzusunda təlim və seminarlar keçirmək, həmçinin AMADA ilə əməkdaşlıq çərçivəsində maarifləndirici fəaliyyət göstərmək hüququ qazanacaqlar. Təlimlərin keyfiyyətinin təmin olunması məqsədilə Agentlik tərəfindən mütəmadi monitorinqlər aparılacaq, təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün isə illik resertifikasiya mexanizmi tətbiq ediləcək.