- Baxış sayı: 71
- 01 Sentyabr 2026 11:54
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycan yeni ümumdünya antidopinq məcəlləsinin tələblərinə uyğun milli antidopinq qaydalarını hazırlayan Avropanın ilk ölkələrindən biri olub.
Allsport.az xəbər verir ki, Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa şurasının VADA üzrə Ad Hoc Avropa komitəsinin (CAHAMA) 72-ci və antidopinq konvensiyası üzrə (T-DO) 63-cü iclaslarında iştirak edib.
T-DO-nun toplantısında 2027-ci ildən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsinin tətbiqi, milli antidopinq siyasətləri, beynəlxalq standartlar, təhsil, hüquqi məsələlər və bu sahədə əməkdaşlığın inkişafı müzakirə olunub.
İclasda AMADA-nın hazırladığı 2027-ci il Azərbaycan milli antidopinq qaydaları layihəsinin VADA ilə razılaşdırılması xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan və İrlandiya yeni məcəllənin tələblərinə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkələrdir.
Təhminə Tağızadə əsas məqsədin milli qaydaların yeni ümumdünya antidopinq məcəlləsinin tələblərinə uyğunlaşdırılması olduğunu bildirib. O, sənədin hazırlanması zamanı ölkədaxili hüquqi tələblərin və mövcud normativ-hüquqi bazanın da nəzərə alındığını vurğulayıb.
Hazırlıq mərhələsində AMADA gənclər və idman nazirliyi, milli məclisin gənclər və idman komitəsi, eləcə də idman federasiyalarının nümayəndələri ilə görüşlər keçirib və geniş müzakirələr aparıb.
İclas çərçivəsində “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə işçi qrupunun (T-DO GEMA) sədri, AMADA-nın icraçı direktorunun müavini Rüfət Əfəndiyev də təqdimatla çıxış edib. O bildirib ki, hazırlanmaqda olan Tövsiyənin ilkin versiyasının cari ilin sonunadək T-DO monitorinq qrupuna təqdim edilməsi nəzərdə tutulur.