Azərbaycan birinciliyində nadir hadisə: 2 qardaş müxtəlif çəkidə çempion oldu

Boksçuların Azərbaycan birinciliyində nadir təsadüf olunan hadisə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 2 qardaş müxtəlif çəkilərində çempion olublar. Böyük qardaş Kamil Babayevin 2-ci dəfə qatıldığı analoji yarışda qızıl medal qazanacağına inamı böyük olub. 54 kq-da ölkənin ən güclüsü olan 17 yaşlı idmançı, 4 döyüşündən ən çətininin yarımfinal mərhələsinə təsadüf etdiyini vurğulayıb:

“Yığma üzvü Mahir Süleymanovla qarşılaşma çox gərgin alındı. Amma onunla yanaşı, digər 2 çıxışımda da vaxtından əvvəl qələbə qazandım. Finalda isə inamlı döyüş sayəsində çempion oldum. Qarşıda bizi Avropa çempionatı gözləyir. Orda da məqsədim fəxri kürsünün ən yüksək pilləsində yer almaqdır.

Yığmadakı əsas rəqibim də Mahirdir. Çalışıb bir nömrə kimi Avropa çempionatına getmək istəyirəm. Ən böyük arzum isə buranın qızıl medalı ilə belə həyata keçməyəcək. Çünki əsas hədəfim olimpiya çempionu olmaqdır. Bunun üçün də dayanmadan məşqlərimi davam etdirəcəyəm”.

Qardaşından 1 yaş kiçik olan Kənan Babayev isə, ilk dəfə gənclər arasında yarışa qatılıb. Birinci cəhddə 48 kq çəki dərəcəsində çempion olan idmançı da qardaşı kimi Yay Olimpiya Oyunlarının qalibi olmağı hədəfləyib: “11 yaşımdan boksla məşğul oluram. Azərbaycan birinciliyinin hazırlığına 4 ay əvvəl başlamışdım. Məşqçim Elbrus Rzayevin rəhbərliyi altında çox yaxşı məşqlər keçmişik.

Qarşıdakı Avropa birinciliyinə gedəcəyim halda çempion ola bilərəm. Əsas hədəfim isə Olimpiya çempionu tituluna yiyələnərək Azərbaycanın, müəllimlərimin və valideynlərimin adını uca etməkdir”.

Həmin kateqoriyadan