- Baxış sayı: 50
- 05 Oktyabr 2026 13:44
- Baxış sayı: 183
- Oktyabr 04, 2026
- 0

Budvada boks üzrə U-17 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı qələbə qazanıb.
Nihad Məmmədli (48 kq) 1/16 finalda Lasaro Ernandeslə (İspaniya) döyüşüb. Boksçumuz rəqibinə cəmi 58 saniyəyə tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də ikinci görüşündə ilk mərhələdən azad olan Filip Borkovski (Polşa) ilə üz-üzə gələcək.
İsmayıl Nəsirzadə (52 kq) də 1/16 finalda ilk raundda qələbəsini rəsmiləşdirib. Təmsilçimiz İlir Selmanidən (Şimali Makedoniya) güclü olub. Nəsirzadə oktyabrın 7-də 1/8 finalda Vakaris Kiseliunası (Litva) sınağa çəkəcək.
Şükar Əliyev (80 kq) də döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Boksçumuz 1/8 finalda Lazare Dokvadzeyə (Gürcüstan) üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, oktyabrın 8-də növbəti döyüşündə Maksim Rumiantsau (Belarus) ilə münasibətinə aydınlıq gətirəcək.
Mehran Rəsulov (+80 kq) 1/8 finalda Levente Lorantanı (Macarıstan) mübarizədən kənarlaşdırıb. Rəqibini 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən milli üzvü növbəti cəhdində Stefanos Atanasiou (Yunanıstan) ilə qüvvəsini sınayacaq. Döyüş oktyabrın 8-də olacaq.
Səma Abbasova (66 kq) da 1/8 final görüşündən qalib ayrılıb. O, Robin O Reyli (İrlandiya) üzərində 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanıb. Abbasova oktyabrın 7-də Aleksandra Kerdolla (İsrail) gücünü yoxlayacaq.
40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.