FOTO
Azərbaycan prezidenti və ailəsi Dünya Kubokunun açılışında iştirak edib

Moskvanın “Lujniki” stadionunda Dünya Kubokunun təntənəli açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Mehriban Əliyeva ilə Leyla Əliyeva mərasimdə iştirak ediblər. İyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı tədbirdənin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli üslubu ilə əsaslı şəkildə seçilib. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam olub, məşq ərəfəsində deyil, birbaşa Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl keçirilib.

Britaniyalı müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə əzəmət qatıb. Açılış mərasiminin prodüseri Rusiyanın Birinci kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat dünya çempionu braziliyalı Ronaldo da açılış mərasimə təşrib buyurub.

Azərtac.az-ın məlumatına görə, dünya çempionatına ev sahibliyi edən Rusiya federasiyasının başçısı Vladimir Putin çıxış edib.O, bütün qonaqları Moskvanın əfsanəvi “Lujniki” stadionunda salamlayaraq, dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə təbrik edib. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də söyləyib. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirib: “Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü – futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını deyib.

32 ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Açılış “Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib. Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın da baxdıqları qarşılaşmada Rusiya yığma komandası 5:0 hesabı ilə qalib gəlib. Qolları futbolçular Yuri Qazinski, Dmitri Çerışev, Artyom Dzyuba və Aleksandr Qolovin vurdular. Final görüşü iyulun 15-də Moskvada “Lujniki” stadionunda baş tutacaq. 3-cü yer uğrunda matç isə iyulun 14-də Sankt-Peterburqda keçiriləcək.

Həmin kateqoriyadan