Azad Rəhimov: “AFFA futbolun kütləviliyinin artırılması istiqamətində böyük işlər görür”

Bu gün “Hilton” mehmanxanasında AFFA-nın 26-cı konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, ölkədə idmanın uğurlarından danışıb. Sitat: “Azərbaycanda idmana və idmançılara böyük diqqət və qayğı göstərilməsi, ölkəmizdə idmanın bütün növlərinin inkişafı hər zaman dövlət siyasətinin tərkib hissəsi olub. Respublika prezidenti cənab İlham Əliyevin idman sahəsinə xüsusi diqqətlə yanaşması, bu istiqamətdə məqsədyönlü siyasəti nəticəsində Azərbaycan respublikası beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Təsadüfi deyil ki, Bakıda və respublikamızın bölgələrində müxtəlif mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir. Təbii ki, futbol da ən populyar idman növlərindən biri olaraq, bu prosesdən kənarda qalmır. Təkcə bu faktı qeyd etmək kifayət edər ki, bu il mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının final oyunu keçiriləcək. 2020-ci ildə isə bu möhtəşəm arena Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək. Bir qədər sonra biz AFFA-nın illik hesabatı ilə tanış olacağıq. Amma mən bir neçə vacib faktı diqqətinizə çatdırmaq istərdim. Bu gün AFFA futbolun kütləviliyinin artırılması istiqamətində böyük işlər görür. Bu proses təkcə futbolun inkişafı deyil, həm də əhalinin bütün təbəqələrinin sağlam həyat tərzinə istiqamətləndirilməsi baxımından vacibdir.

Müxtəlif yaş qruplarından ibarət uşaq komandaları üçün mütəmadi liqalar təşkil olunur, uşaq, yeniyetmə və gənclər il boyu futbol oynamaq imkanı əldə edir. Kütləviliklə bağlı daha bir vacib məqam ondan ibarətdir ki, AFFA belə tədbirləri təkcə paytaxtda təşkil etmir, bölgələrdə, xüsusilə də, cəbhə xəttinə yaxın ərazilərdə turnirlər və festivallar keçirilir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonundakı “Qayıdış” qəsəbəsində keçirilmiş “Cəsur ürəklər” futbol festivalları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. AFFA Cocuq Mərcanlı qəsəbəsində süni örtüklü futbol meydançası da inşa etdirərək qəsəbə sakinlərinin ixtiyarına verib. Ümumiyyətlə, ölkəmizdə futbol infrastrukturunun inkişafı ilə bağlı böyük işlər görülməkdədir.

Çıxışımın sonunda AFFA-ya, ölkəmizin futbol ictimaiyyətinə uğurlar arzulayıram. Ümidvaram və əminəm ki, mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək Avropa liqasının final oyunu uğurla təşkil olunacaq və ölkımizin idman tarixində özünəməxsus yer tutacaq”.

Həmin kateqoriyadan