“Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib”

Bakıda Gənclər siyasəti üzrə 1-ci qlobal forumun rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Ölkə başçısı çıxışında, idmanımızın hər gün artan uğurlardan da söz açıb:

– Hökumətimiz üçün prioritetlərdən biri də idmandır. Həmçinin bizim burada da yaxşı nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir.

Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar. Buna görə siyasətimizin sosial sahəsi vacibdir. Həmçinin fərəhlənirik ki, Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib.

Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara 6 mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq. Biz 2016-cı ildə Dünya Şahmat Olimpiadasını keçirəcəyik. Şahmat komandamızın uğurlarından da hamımız fərəhlənirik. Yeri gəlmişkən deyim ki, bu komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. Onların sırasında Avropa çempionları var. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Görürsünüz ki, qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunları bir-birini əvəzləyəcək. Əslində, bu, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Həmin kateqoriyadan