FEI-nin yeni prezidenti gələcək planlarından danışıb

Beynəlxalq Atçılıq Federasiyasının prezidenti şahzadə Haya Bint əl-Hüseyn 8 illik fəaliyyəti dövründə FEI-ni  idman yönümlü təşkilatdan digər aspektləri də əhatə edən bir quruma çevirib. O, həmçinin qarşıda duran məsələləri necə həll etmək, təşkilatı inkişaf etdirmək, daha yaxşı idman konsepsiyaları işləyib hazırlamaq, medianın diqqətini cəlb etmək sahəsində özünəməxsus bir ənənə yaradıb. Hesab edirəm ki, biz bu irsi qoruyub saxlamalıyıq, amma eyni zamanda, qarşımızda yeni məsələlər durur.

Allsport.az xəbər verir ki, bu sözü FEI-nin Bakıda keçirilən Baş Assambleyasında qurumun yeni seçilmiş prezidenti İnqmar de Vos keçirdiyi mətbuat konfransında deyib. Göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirən İnqmar de Vos gələcək planları haqqında danışıb. O qeyd edib ki, atçılıq idmanın digər növləri ilə rəqabətdədir. Bütün idman növləri medianın diqqətini daha çox cəlb etmək, daha çox tanınmaq kimi məsələlərdə sanki bir mübarizə aparır.

Təbii ki, bu da bizim qarşımızda dayanan ən mühüm məsələlərdən biridir. Biz həm atçılıq idmanı sahəsində fəaliyyət göstərən insanlarla, həm də bizə dəyərli məsləhət verə biləcək şəxslərlə sıx əməkdaşlıq şəraitində işləməliyik ki, təşkilatımızı daha təkmilləşdirək, insanların idmanın bu növü barədə anlayışını daha da yaxşılaşdıraq. Yəni, bizim qarşımızda böyük bir məsuliyyət durur. Biz birgə işləyərək idmanın atçılıq növünü daha da inkişaf etdirmək, onu daha qlobal idman növünə çevirməliyik.

FEI Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunub. Bütün milli atçılıq federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Həmin kateqoriyadan