Futbolla vidalaşdı

Futbolla vidalaşdı

Argentina millisinin və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Ever Baneqa peşəkar futbolçu karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, 38 yaşlı futbolçu bu qərarını Serxio Aqueronun təşkil etdiyi “Copa Potrero” turnirində iştirakından sonra açıqlayıb.

Baneqa əvvəlcə karyerasını bitirmək ehtimalını 80 faiz qiymətləndirdiyini, lakin sonradan qəti qərar verdiyini bildirib:

“Karyeramı başa vurduğum 100 faiz dəqiqdir. Əvvəl 80 faiz əmin olduğumu demişdim, amma bu gün oynayarkən anladım ki, artıq bəsdir. Başqa işlərlə məşğul olmaq lazımdır”.

Argentinalı futbolçu hətta Lionel Messinin mümkün təklifinin də qərarını dəyişməyəcəyini vurğulayıb:

“Messi məni “İnter Mayami”yə dəvət etsə belə, ona yox deyərdim. Qərarım artıq verilib”.

Banega gələcəkdə futboldan tamamilə uzaqlaşmaq istəmədiyini, lakin məşqçi və ya agent kimi fəaliyyət göstərməyi planlaşdırmadığını da açıqlayıb.

Təcrübəli yarımmüdafiəçi son rəsmi matçını mayın 4-də keçirib. O, karyerası ərzində “Boka Xuniors”, “Valensiya”, “Atletiko”, “Sevilya”, “İnter”, “Əl-Şəbab” və “Nyuelz Old Boyz” klublarında da çıxış edib.

Banega “Sevilya” ilə üç dəfə Avropa liqasının, “Boka Xuniors”la isə Libertadores kubokunun qalibi olub. O, həmçinin Argentina millisinin heyətində 2008-ci il Pekin olimpiadasının qızıl medalını qazanıb və əsas yığmada 65 oyun keçirib.

Həmin kateqoriyadan