- Baxış sayı: 74
- 17 Noyabr 2026 17:52
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Azyaşlı uşaqların Azərbaycan güləş federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiyası təşkil edilib.
Allsport.az xəbər verir ki, özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən ekskursiya zamanı sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi, 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev uşaqlara bələdçilik edərək onları məşq zalı ilə tanış edib, milli komandanın gündəlik hazırlıq prosesi barədə məlumat verib.
Balaca qonaqlar peşəkar idmançıların məşq prosesini yaxından izləmək və güləş mühiti ilə tanış olmaq imkanı əldə ediblər.
Sonra sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Əsgərxan Novruzov güləşə yeni başlayanlar üçün nəzərdə tutulan bir sıra ilkin texniki elementləri nümayiş etdirib. Uşaqlara idmanın fiziki inkişaf, intizam və sağlam həyat tərzinin formalaşmasındakı rolu barədə də məlumat verilib.
Ekskursiyanın sonunda Hacı Əliyev və sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənovun iştirakı ilə imza mərasimi keçirilib. Uşaqlar məşqçilərlə xatirə şəkilləri çəkdirərək ekskursiyanı xoş təəssüratlarla başa vurublar.
AGF bu tip tədbirlər vasitəsilə uşaqlar arasında güləşə və ümumilikdə idmana marağın artırılmasını, sağlam həyat tərzinin təşviqini və idmanın kütləviləşdirilməsini dəstəkləyir.