Natavan Əfşar Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb

Natavan Əfşar Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb

Veteran voleybolçu, Azərbaycan millisinin sabiq üzvü Natavan Əfşarın Naxçıvanda yeniyetmə qız voleybolçularla görüşü təşkil olunub.

Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan voleybol federasiyasının Naxçıvan filialının direktoru Vüqar Əliyev muxtar respublikada voleybolun inkişafı və gənc idmançıların bu növə cəlb olunması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, 1985-ci ildə Naxçıvanda anadan olan Natavan Əfşar milli komandada çıxış edən ilk naxçıvanlı qadın voleybolçudur. O, karyerası ərzində “Azərreyl”, İtaliyanın “Scavolini Pesaro” və “Bakı voleybol” klublarında forma geyinib.

Voleybolçu karyerası ərzində CEV Çelenc kubokunun, ikiqat Azərbaycan çempionluğunun, İtaliya superkubokunun və Azərbaycan kubokunun qalibi olub. O, həmçinin milli komandanın heyətində dünya çempionatlarında və Avropa yarışlarında iştirak edib.

Natavan Əfşar Naxçıvanda qadın voleybolunun inkişafından, yüzlərlə qızın bu idman növünə cəlb olunmasından məmnunluğunu ifadə edib. O, cari mövsümdə “Naxçıvan” klubunun qadın voleybolçular arasında ölkə superliqasında iştirakını əlamətdar hadisə kimi qiymətləndirib.

Görüş zamanı veteran idmançı karyerası və xatirələri barədə danışıb, gənc voleybolçulara tövsiyələr verib. O, həmçinin məşq prosesində iştirak edərək yeniyetmə idmançılarla təcrübəsini bölüşüb.

Həmin kateqoriyadan