Bakı-Xankəndi veloyarışının yayımı müzakirə olunub

Bakı-Xankəndi veloyarışının yayımı müzakirə olunub

“Eurosport” telekanalının beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard Azərbaycan velosiped idmanı federasiyasında səfərdə olublar.

Allsport.az xəbər verir ki, qonaqları federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov qəbul edib.

Görüşdə “Eurosport”un uzun illərdir Azərbaycan velosiped idmanı federasiyasının etibarlı tərəfdaşlarından biri olduğu vurğulanıb. Bildirilib ki, telekanal Azərbaycanda keçirilən beynəlxalq velosiped yarışlarını dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya təqdim edib. Bakı-Xankəndi Azərbaycan velosiped yarışı da “Eurosport” vasitəsilə 190 ölkədə 19 dildə yayımlanıb.

Telekanalın nümayəndələri ölkəmizdə təşkil olunan yarışların yüksək səviyyədə keçirilməsini müsbət qiymətləndirərək əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə 2027-ci il mayın 9-13-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan velosiped yarışının yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Qonaqlar respublika velotrekində yaradılan şəraitlə tanış olub, velosiped muzeyini ziyarət ediblər. Onlara Azərbaycanda velosiped idmanının tarixi və inkişafı barədə məlumat verilib.

Səfər çərçivəsində “Eurosport” nümayəndələri gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Bakı media mərkəzinin və “Sea Breeze”in rəhbər vəzifəli şəxsləri ilə də görüşüblər.

Həmin kateqoriyadan