- Baxış sayı: 94
- 19 Oktyabr 2026 23:07
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Bakıda xüsusi olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasim noyabrın 19-da Azərbaycan texniki universitetinin idman zalında baş tutub.
Azərbaycan ilk dəfə bu yarışa ev sahibliyi edir. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. İştirakçı ölkələrin nümayəndə heyətlərinin paradından sonra “Ümid məşəli” alovlandırılıb.
Turnirdə 18 ölkədən 100-dən çox idmançı və nümayəndə heyətinin üzvü iştirak edir. Noyabrın 21-dək davam edəcək yarış intellektual əlilliyi olan idmançılara bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsindən danışıb, idmanın hər kəs üçün əlçatan olmasının və inklüziv idmanın inkişafının vacibliyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlilliyi olan şəxslərin cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Xüsusi olimpiya hərəkatının Avropa-Avrasiya regionu üzrə rəhbəri Sven Albrext turnirin Bakıda təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, yarışın bərabərlik, inklüzivlik, qarşılıqlı hörmət və hər bir idmançının potensialına inam kimi dəyərləri əks etdirdiyini bildirib.
Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov isə turnirin badmintonun inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və idmançılar üçün yeni imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb. O, iştirakçılara uğurlar arzulayıb.
Mərasimdə Azərbaycan texniki universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan respublikası xüsusi olimpiya komitəsinin sədri Vüqar Behbudov da çıxış ediblər.