Karateçilərimiz Çinə yollanıb

Karateçilərimiz Çinə yollanıb

Karate üzrə Azərbaycan millisi Çində keçiriləcək dünya kubokunda iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Allsport.az xəbər verir ki, yarış noyabrın 20-22-də Hançjou şəhərində təşkil olunacaq.

Dünya karate federasiyasının (VKF) təqviminə daxil olan turnirdə 42 ölkədən 80 komanda və təxminən 400 idmançı mübarizə aparacaq.

Azərbaycan millisi kişilərin komanda kata və qadınların komanda kumite yarışlarında təmsil olunacaq.

Püşkün nəticəsinə əsasən, kişilərdən ibarət kata komandamız “B” qrupunda Türkiyə, Kolumbiya, Mərakeş və Honkonqla qarşılaşacaq.

Qadınlardan ibarət kumite komandamız isə “D” qrupunda Yaponiya, Meksika, Almaniya və Əlcəzairlə mübarizə aparacaq.

Yarışın reqlamentinə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər. Noyabrın 20-21-də qrup və pley-off görüşləri, noyabrın 22-də isə medal qarşılaşmaları keçiriləcək.

Milli komandalar arasında Karate üzrə dünya kuboku ikinci dəfə təşkil olunur. İlk turnir 2024-cü ildə İspaniyanın Pamplona şəhərində baş tutub.

Həmin kateqoriyadan