Gənclər idman nazirliyinin qərəzli rəhbərliyi İlham Əliyevə və olimpiya medalçılarına açıq savaş açıb

Azərbaycan idmanının evini yıxanlar, onu əyləncəyə, görüntüyə və biznesə çevirənlərin əsas hədəfi ölkə başçısıdır. Ümummilli liderin büstünü bir neçə ay nazirliyin dəhlizindən yığışdıran, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimov tərəfindən hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox edən və onun əvəzinə öz yeni “yaşıl bayraqlarını” – AZE loqosunu yerləşdirən Fərid Qayıbov – Mariana Vasileva – Elnur Məmmədov üçlüyü, ötən ilin sonunda, dekabrın 26-da “Buta saray”da keçirilən tədbirdə Milli olimpiya komitəsinin (MOK) bir çox üzvünü, başqa sözlə, olimpiya mükafatçılarını dəvət etməyərək bu qurumun prezidentinə açıq savaş açdılar. Bilməyənlərin nəzərinə çatdıraq ki, ölkə başçısı İlham Əliyev 1997-ci ildən MOK-un rəhbəridir.

İndi bir qədər təfsilatı ilə. Allsport.az saytına daxil olan məlumata görə, gənclər və idman nazirliyinin (GİN) qərəzli rəhbərliyinin hədəfinə tuş gələn olimpiya çempionları – Rəfiqə Şabanova, Lüdmila Şubina, Nazim Hüseynov, Fərid Mansurov; olimpiya medalçıları – Rəfael Ağayev, Vüqar Ələkbərov və Şahin İmranov (siyahı daha geniş ola bilər) ilin yekun toplantısına çağırılmayıblar. Halbuki həmin şəxslər rəhmətlik Azad Rəhimovun dövründə daim bu mərasimlərdə yer alıblar. Özüm də bu tədbirlərin iştirakçısı olduğumdan, keçmişi yaxşı xatırlayıram. GİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov ötən ilin dekabrın 28-də “CBC Sport” telekanalında açıqlamasında buna don geyindirməyə çalışsa da, həqiqət göz qabağındadır. Onun sözünə görə, “Buta saray”a məhz 2022-ci ildə nəticə verən idmançılar, onların məşqçiləri və federasiya rəhbərləri dəvət olunublar.

Elnur müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, adını çəkdiyim idman ulduzlarının əksəri təmsil olunduqları federasiyalarda yüksək vəzifə tuturlar. Nə qədər fikirləşib hədd müəyyənləşdirsəniz də, bu məsələ bir-birinə sıx bağlıdır. Necə ki, sizlər “Buta saray”a idman könüllüləri, idman mediası təşkilatları və jurnalistləri dəvətdə ayrıseçkilik saldı; Pekin-2008 olimpiadasının finalçısı Vitali Rəhimovu işsiz qoydu, onu Respublika olimpiya idman liseyində müavinlikdən xaric etdi; olimpiya çempionu və Rio-2016-nın gümüş mükafatçısı Toğrul Əsgərovu bir neçə dəfə nazirliyə buraxmayaraq, onu uşaq kimi oynatdı; İslam oyunlarının medalçılarını cənab İlham Əliyevin sərəncamına qarşı etiraza sövq etdiniz.
Amma olanların belə qalmayacağı bəlliydi. Çünki ölkə başçısı hər şeydən xəbərdardır. Özünün dediyi kimi, nəyin necə olacağına o qərar verir. Yanvarın 9-unda 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə həmin olimpiya çempionlarımız ön cərgələrdə əyləşmişdilər. Suyu bulandıranlar isə, onlardan xeyli arxada idilər. Hər kəs öz yerini bilməli, Azərbaycan idmanının şərəfi ilə oynamamalı, xəyanət etməməli və sabahı unutmamalıdır.  

Ayrılmaz cütlük (Fərid Qayıbov və Mariana Vasileva) – baş açmaq olmur hansı nazirdir, hansı müavin – bir dəfə də Azərbaycan prezidentinə hörmətsizlik etmişdilər. Keçən ilin noyabrın 11-də “Gülüstan” sarayında Milli olimpiya komitəsinin 30-illik təntənəli yubiley mərasiminə qatılmamışdılar. İlk gündən isə, bu quruma aid xəbərləri gənclər və idman nazirliyinin rəsmi Feysbuk səhifəsində yerləşdirməmək tapşırığını veriblər. Əməkdaşlar bunu canla-başla yerinə yetirirlər. Nə üçün? Çünki o milli (!) olimpiya komitəsidir və onun prezidenti həm də ölkənin başçısıdır! Yeri gəlmişkən, yanvarın 16-da GİN-in rəsmi sosial hesabı Hindistan azadlıq hərəkatının siyasi və ruhani lideri Mahatma Qandidən günün aforizminə nümunə gətirib. O ölkədən ki, BMT-də Azərbaycan barədə dinləmədə bizə qarşı çıxış edib, Ermənistana tərəf tutub. Bu gen dünyada bir layiqli azərbaycanlı, müsəlman və ya türk tapmadılarmı? Turan dünyasında birlik rəmzinə çevrilən və körpü rolunu oynayan İlham Əliyevin uzaqgörən yurd dışı siyasətini nə tez unutdular?   

Nazirliyin məkrli rəhbərliyi MOK-u da ələ keçirmək üçün dəridən-qabıqdan çıxır. “Buta”da ilin yekun tədbirdə iştirak edən dostların söylədiyinə görə, Milli olimpiya komitəsinin baş katibi Azər Əliyevin ətrafında “pərvanələr”in dolaşması boşuna deyil. Hər şeyi görüntüyə almağı sevən(lər)in arzusu hərçənd ürəklərində qalacaq. İdman camiyəsində yayılan xəbərə görə, üçlüyün digər hədəfi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadədir. Nazirliyin Konya-2021 İslam oyunları, sonra da Krakov-2023 Avropa oyunlarına “əl qoyması” bu qurumu iflic, formal edir. Qanunla BOK-un bayrağı altında keçirilən bütün tədbirlərdə təşkilati məsələlərə yerli olimpiya komitələri baxırlar. Amma üzdə görünən odur ki, MOK-un müəyyən icra qanadı susur, mübarizə aparmır. Qurumun əməkdaşlıq etdiyi televiziya(lar), nəzdində olan qəzet, sayt, jurnal və fəaliyyət göstərən müxtəlif komissiyaların hərəkətə keçməsi yetər ki, qarşı tərəf geri çəkilsin. Ehtimala görə, Milli məclisin gənclər və idman komitəsinin sədri Adil Əliyev, voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev, güləş federasiyasının vitse-prezidenti Namiq Əliyev, olimpiya və 2-qat dünya çempionu Fərid Mansurov, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev və digər milli idman adamları da onların hədəfindədirlər.
İş başına keçən gündən silsiləvi görüşlərdə AFFA prezidenti Rövnəq Abdullayevin deyil, vəzifədə özündən aşağı ranqda olan icraçı vitse-prezident Elxan Məmmədovun qonağı olan nazir Fərid Qayıbov, ötən ilin 30 dekabrında assosiasiyanın 30-illik rəsmi yubileyi tədbirinə qatılmadı. Yəqin, milli komandamızın son 5 rəsmi görüşdə qələbə qazanması onun da ürəyincə olmayıb. Ya da, Rövnəq Abdullayevin rusdilli olmaması xoşuna gəlməyib.

Bəli, proses yuxarıda qeyd etdiyim kimi, ilk günlərdən, nazirliyin birinci mərtəbəsində dəhlizdən, Mariana Vasileva kresloya oturduğu gündən başlayıb. Sonra idarədə milli və bacarıqlı kadrları uzaqlaşdırıldı, GİN-in nəzdində olan Milli idman tibbi və reabilitasiya elmi-praktiki institutunda 2-ci Vətən müharibəsi qazilərinə diqqət və qayğı azaldı. Daha sonra ölkə başçısının “Türkiyənin Konya şəhərində keçirilən V İslam həmrəyliyi oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığında iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında” sərəncamın icrası aylarla gecikdirildi. Sərəncamın təfsilatından bixəbər İslam oyunlarının mükafatçıları nazirliyə üz tutub etiraz etdilər, ölkə rəhbərliyinə məktub ünvanladılar. Görünən odur ki, hər şey planlı və məqsədli şəkildədir: federasiyalarda öz əlaltılarının köməkliyi yeni düzən qurulur, səhnəyə onlara xidmət edən məşqçi və idmançılar çıxarılır. Allsport.az onlardan xeylisini aşkarlayıb. Sadəcə, hər şeyi zamana ehtiyacı var. Görək idmanımızın başına daha nələr gəlir…  

Kamran HACI

Həmin kateqoriyadan