Azərbaycanda aparıcı olimpiya idman növləri bir-bir məhv edilir. MOK prezidentinə qarşı əks-olimpiya hərəkatı?

Azərbaycanda aparıcı olimpiya idman növləri bir-bir məhv edilir. MOK prezidentinə qarşı əks-olimpiya hərəkatı?

Düz 29 il bundan öncə, 1997-ci ilin isti yay günlərindən birində Azərbaycanın idman həyatında qaynar anlar yaşanırdı. Hamı ölkəmizin olimpiya hərəkatına yeni, bacarıqlı bir öndər axtarışında idi. Əslində buna axtarış da demək olmazdı. Çünki hər kəsin namizədi də bəlli idi: İlham Heydər oğlu Əliyev! Müstəqil Azərbaycan idmanını, olimpiya hərəkatını uğurlara, qələbələrə daşıyacaq bu insanı 29 il öncə, iyulun 31-də Milli olimpiya komitəsinin prezidenti kimi görmək istəyən idman ictimaiyyətinin nümayəndələri sonrakı illərdə öz seçimlərində yanılmadıqları dəfələrlə qeyd edəcəkdilər…
MOK-un başına keçdiyi ilk günlərdən İlham Əliyev bu sahənin bütün ehtiyatlarını səy və bacarıqla səfərbər edərək düzgün istiqamətə yönəltmiş, ölkənin bütün idman qurumları arasında sıx əməkdaşlıq yaratmış, bu təşkilatların vahid məqsəd əsasında Azərbaycanda bu sahənin tərəqqisinə xidmət etməsinə nail olmuşdur. Məhz onun tutduğu qətiyyətli mövqe Odlar yurdunda idmanın, olimpiya hərəkatının beynəlxalq miqyasda nüfuz qazanmasına gerçək imkanlar açmışdır.

Kişi sözü

İlham Əliyev komitəyə rəhbər seçildiyi gündən idmançılarla şəxsən görüşərək onlarla tanış olmağa, çatışmamazlıqları ilə maraqlanmağa, həll etməyə ciddi diqqət yetirmiş, yurd dışında çalışan mütəxəssislərimizin və başqa ölkənin bayrağı altında çıxış edənlər geri qayıtmasına şərait yaratmışdır. Bu da sözsüz ki, hər bir idmançıya böyük ruh yüksəkliyi, qarşıdakı yarışlara daha məsuliyyətlə və inamla hazırlaşmaq üçün əlavə güc vermişdir. MOK başçısı kimi İlham Əliyev ilk görüşünü ölkəmizin tanınmış idmançıları ilə 1997-ci il sentyabrın 25-də gənclər və idman nazirliyində (!) keçirmişdir. Dövlətimizi beynəlxalq yarışlarda şərəflə təmsil etdiklərinə görə idmançılara minnətdarlığını bildirmiş və onlara hər cür şəraitin yaradılacağını bəyan etmişdir. Həmin görüşün ardınca, ölkəmizdə fəaliyyət göstərən bütün idman növləri üzrə federasiya prezidentlərinin iştirakı ilə iclas keçirmişdir. Maraqlıdır ki, idmançıları qəbul edərək onların çətinliklərini dinlədikdən sonra məsul şəxslərlə görüşən İlham Əliyev, bununla da bir növ, MOK prezidenti kimi fəaliyyətinə məhz hər bir məsələni kökündən öyrənərək həll etmək istiqaməti götürdüyünü bəyan etmişdir.

Öncə ötüstü hokkey

İndi vəziyyət necədir? Üstündən xeyli zaman keçib. Heydər Əliyevin əsasını qoyduğu, layiqli davamçısı İlham Əliyevin inkişaf etdirdiyi, ümummili öndərin nəvəsi Azər Əliyevin təməlini daha möhkəmləndirdirdiyi milli komitənin divarları arxasında olimpiya hərəkatı boğulur, didərgin salınır və aramla məhv edilir. Arifə bir işarə də bəs edər. İdmanı bilənlər anladılar ki, birinci söhbət otüstü hokkeydən gedir. Həmin olimpiya idman növü ki, qadınlar 3 dəfə “dördilliy”in qapısını döymüş, dünya əmsalında 11-ci yerə yüksəlmişdir. Azərbaycanın top oyunları tarixində heç vaxt belə nəticə qeyd alınmayıb və çox güman yaxın gələcəkdə də gözlənilmir. Əslində, Azərbaycanda otüstü hokkey çoxdan “ölsə” də, oyun meydançası və qərargahı qaldığından, ruhu yaşayırdı, yenidən bərpasına ümid vardı. İctimai birliyin keçmiş vitse-prezidenti Namiq Əliyev “dirilik suyu” axtarışındaydı. Amma bu yaxınlarda otüstü hokkey rəsmən “dəfn edildi”, idman nazirliyi onun “məzar”ı üstündə tennis meydançalarının salınmasına qərar verdi. Cünki tennis akademiyasında məkan şəxsi olduğundan, federasiyanın yeni rəhbərliyi GİN-ə bağlı məkanlarda iş qurmaq niyyətində idi. Bu qərarın nə qədər düzgün olub-olmamasını zaman göstərəcək. Amma bir şey məlumdur ki, böyük tennis kübar idman növüdür, hətta sovetlərdə də respublikamızda elə yadda qalmayıb. Böyük tennis ağır, çox zəhmət və güc tələb edən idman növlərindəndir. İnanmıram ki, bizdə imkanlı ailənin üzvü bu ağır gərginliyə qatlana. Adətən kasıb ailələrdən çıxan idmançılarımız olimpiya zirvəsini fəth edəndən sonra boşalır, artıq o yükü və məsuliyyəti götürmək istəmədikləri bir durumda tennisdən böyük meydanlarda uğur gözləmək sadəlövhlük olar.

Sonra həndbol

Otüstü hokkeyin “40-ı çıxmamış” həndbolu “qəbrə qoymaq” istəyirlər. AHF-nin prezidenti Saleh Məmmədov “Azəryolservis”də işdən uzaqlaşdırılandan sonra bu növ baxımsız qalıb. Əl topunun canıyanan camiyəsi əlində qara bayraq “fəlakət duası” oxusa da, hələ bir xeyri yoxdur, onların haqq ah-naləsi eşidilmir. Qəribədir ki, bu məsələdə də əsas aidiyyatı qurum qalıb kənarda, yerli camiyə və KİV hər fürsətdə Saleh Məmmədovu və onun ətrafını – vitse-prezident Orxan Məmmədovu və baş katib Yusif Atakişiyevi hədəfə alıb. AHF prezidentinin ilk dövrü çox uğurlu keçmişdi, millimiz Bakı-2017 İslam oyunlarını 1-ci yerdə başa vurmuşdu. Ölkə çempionatlarında da gərgin rəqabət vardı, hər dəfə qızıl medalara bir neçə kollektiv talib olurdu. Üstəlik, hər kəsə bəllidir ki, Azərbaycanda top oyunlarında futbol daxil, istər milli, istərsə də klub səviyyəsində əsas yük federasiyanın üzərinə düşür. Qurumun öz idman qurğusu olmayanda, bu yük daha ağırlaşır. Nədənsə pandemiya dönəmində həndbolu sıxıntından kənar saxlamış AHF rəhbərliyini bir Allahın qulu xatırlamaq və xatırlatmaq istəmir. Ən qədim peşənin sahiblərinin imdad dilədiyi, yəni qiyamətlə bərabər ölçülən məqamda belə, əl topu ailəsi evə çörək aparırdı. Başqa sözlə, məvaciblər hər ay ödənilirdi. Halbuki fəlakət vaxtı yeni dirçələn basketbol yüksək liqası birdəfəlik dayandı, voleybolçulara maaşlar verilmədi. Sonrakı dövrdə həndbol təzədən sürət götürməyə başladı, Konya-2021 İslam oyunlarının gümüş mükafatını qazandı. Əslində, idman nazirliyindən zamanında işarə gəlsəydi, Ər-Riyad-2025-də də medalsız qalmayacaqdı. Bəzi federasiyalarda rəhbərliyin qəbuluna düşə bilinməyən məqamda AHF-də haqqında bəhs edilən cavan oğlanların qarşı tərəfi dost kimi qarşılamalarına, ölkə çempionatlarının bəzi oyunlarında dava-dalaşlara göz yummalarını unutmaq ədalətsizlikdir.
Sirr deyil ki, idman növünə cavabdeh yüksək çinli məmur işindən xaric edildikdən sonra həmin sahə baxımsız qalır və tezliklə yeni seçki keçirilib onun yerinə təyin şəxs federasiya prezidenti seçilir, ya da onu digər yüksək vəzifəli məmur əvəz edir. Həndbolda bu prosesin niyə geçikdiyi qaranlıqdır.

Yararsız olimpiya çempionları

Həndbolda 3 olimpiya çempionumuz var: Larisa Safkina, Rəfiqə Şabanova və Lüdmila Şubina. Adı ilk çəkilən 71 yaşlı mütəxəssis uzun müddətdir şimal qonşuluğumuzda yaşayır, 2014-cü ildən bəri Rusiya idmançılar birliyinin “Rusiyanın uşaqları və gəncləri üçün olimpiya əfsanələri” ümumrusiya xeyriyyə layihəsondə fəal iştirak edir; 82 yaşlı AHF kubokunun sahibi xeyli zamandır xəstəlikdən əziyyət çəkdiyindən ictimaiyyət arasında da görünmür. O, heç yaxşı vaxtında da hənbolun “yaralı barmağı”na su tökməmişdi; 77 yaşlı Qazan doğumlu da həmçinin, xasiyyətinin mülayimliyinə rəğmən, ancaq şəxsi marağını və mənfəətini düşünüb, voleybolun öncülü Faiq Qarayev kimi mənsub olduğu idman növünün çatışmamazlıqlarını və nöqsanlarını heç vaxt “yuxarı”ya deməyib.
Öncə otüstü hokkey, sonra həndbol. Növbəti olacaqmı? Məncə, təhlükə yenə var. Hələlik hasara alınıb, məşq meydanı divarın o biri tərəfində qalacaq. Sonrasını Allah bilir. Nə olsun hər dəfə olimpiadadan medal gətirir. Həndbolun da öz olimpiya çempionları var, amma nə fayda? Demək, əks-olimpiya hərəkatının toxumları cücərməyə başlayır.

Yox olan sıx əməkdaşlıq, vahid mərkəzdən qaçma, puç olan ümidlər

Yazının əvvəlində bütün federasiyalar arasında sıx əməkdaşlıqdan və bu fəaliyyətin vahid mərkəzdən idarə olunmasından da bəhs etdim. Maraqlıdır, MOK prezidentinin bu siyasətini indi davam etdirirlərmi? Dərin baxanda, dəhşətli mənzərənin şahidi oluruq. Avqust ayının 21-dən noyabrın 29-nadək ölkədə 30 beynəlxaq yarış keçirilib, keçirilir və keçiriləcək. Bu tədbirlərin böyük əksəri paytaxtdadır, bir çoxu üst-üstə düşüb(r) və ya başlayıb bitməsində çox az gün qalıb(r). Təqvimə belə sığmayan bu sayda bir-biri ilə əlaqəli olmayan tədbirləri ölkədə gündəlik müntəzəm işıqlandıracaq KİV qüvvəsi də yoxdur. Belə olan halda, bunlar kimə lazımdır və nə üçün təşkil edilir? Aydın məsələdir, Bakı 2026-cı ilin “Dünyanın idman paytaxtı” seçilib. Amma bu çərçivədə yarışlarda yetərində təbliğat-təşviqat olmayacaqsa, aparıcı KİV dairələri və istiqamət üzrə tanınmış yazarlar tam şəkildə işə cəlb edilməyəcəksə, onun əhatə çevrəsi çox az olacaq və Azərbaycana qalan xərclənən pullar qalacaq.

32 gündə 30 yarış…

Milli gimnastika arenasında qadın voleybolçuların Avropa çempionatında “C” qrupunun oyunları (21-28 avqust), Nardaranda “Dəniz küləyi” (“See Breeze”) istirahət mərkəzində çimərlik güləşi üzrə yeniyetmələrin dünya birinciliyi (27 avqust), Nardaranda “Dəniz küləyi” (“See Breeze”) istirahət mərkəzində çimərlik güləşi üzrə dünya mükafat yarışı (28-29 avqust), Bakıda “Alufar Dəmiradam 70.3” triatlon yarışı (5 sentyabr), “Palms Sports Arena”da futbol üzrə Azərbaycan və Tacikistan arasında yoldaşlıq oyunu (23 sentyabr), FİBA Avropa kubokunda Bakı idman sarayında “Neftçi” – “Parnu” (Estoniya) kişi basketbol klubları arasında rəsmi matç (23 oktyabr), Formula-1 üzrə Azərbaycan qran prisi (24-26 sentyabr), “Mövsüm üçün” (“For season”) mehmanxanasında Azərbaycan basketbol liqasının açılışı (29 oktyabr), Mingəçevir reqatası (29 sentyabr – 1 oktyabr), UEFA millətlər liqası çərçivəsində Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Lixtenşteyn futbol milliləri arasında rəsmi görüş (1 oktyabr), Bakı su idman sarayında üzgüçülük üzrə dünya kuboku (1-3 oktyabr), Azərbaycan və Moldova gənclər (U-20) millilərinin Qəbələdə beynəlxalq yoldaşlıq matçı (3 oktyabr), Tofiq Bəhramov adına stadionda “Turan Tovuz” – “Fənərbağça” arasında yoldaşlıq oyunu (3 oktyabr), Tofiq Bəhramov adına respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” (Bakı) – “Spartak” (Vilnüs) futbol veteranları arasında yoldaşlıq görüşü (4 oktyabr), UEFA millətlər liqasında “Palms Sports Arena”da futbol üzrə Azərbaycan və Litva arasında rəsmi oyun (4 oktyabr), Milli gimnastika arenasında cüdo üzrə dünya çempionatı (4-10 oktyabr), Azərbaycan və Yaponiya gənclər (U-20) millilərinin Qəbələdə beynəlxalq yoldaşlıq oyunu (6 oktyabr), Bakı idman sarayında FİBA Avroba kubokunda “Landau Layons” – “Layons de Jenev” (İsveçrə) arasında “G” qrupunda ilk rəsmi oyun (7 oktyabr), Bakı olimpiya stadionunda UEFA çempionlar liqasının əsas mərhələsində “Sabah” – “Slaviya” (Praqa) rəsmi oyunu (13 oktyabr), Bakı idman sarayında sumo üzrə dünya çempionatı (17-18 oktyabr), Tovuzda qadın voleybolçuların CEV cempionlar liqasının 2-ci ələməsində “Turan” –  “Mladost” (Zaqreb) klubları arasında rəsmi oyun (20 oktyabr), Bakı idman sarayında FİBA çempionlar liqasının “A” qrupunda “Sabah” – “Nanterre” (Fransa) basketbol klubları arasında rəsmi matç (27 oktyabr), Hövsan yarış kompleksində və Bakı “Büllur” sarayında FİFA ilk U-15 dünya çempionatı (22–30 oktyabr), FHN-nin idman zalında kişi voleybolçuların çempionlar liqasının 2-ci ələməsində “Xilasedici” – “Sportinq” (Portuqaliya) arasında rəsmi oyun (3 noyabr), FHN-nin idman zalında qadınların Çağırış kubokunun 1/32 finalında “DH Voley” – “Holte” (Danimarka) arasında rəsmi görüş (5 noyabr), 3-cü Bakı – Xankəndi beynəlxalq ultramarafonu (8-11 noyabr), “Sərhədçi” idman mərkəzində FİBA çempionlar liqasının “A” qrupunda “Sabah” – “Trabzonspor” (Türkiyə) basketbol klubları arasında rəsmi matç (10 noyabr), GİN-in voleybol mərkəzində kişilərin Çağırış kubokunun 1/32 finalında “Ordu” – “Forde” (Norveç) arasında rəsmi matç (19 noyabr), “Sərhədçi” idman mərkəzində U-15, U-17, U-20 və ustalar arasında qraplinq üzrə dünya çempionatı (23-25 noyabr), “Sərhədçi” idman mərkəzində U-15, U-17, U-20 və ustalar arasında MMA və pankration üzrə dünya çempionatı (26-29 noyabr).

Hazırladı: Kamran HACI

Həmin kateqoriyadan