Dəkərdə Azərbaycan üzgüçüsünün yarışı ləğv edildi

Dəkərdə Azərbaycan üzgüçüsünün yarışı ləğv edildi

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin Dəkər-2026 yeniyetmələrin dördüncü yay olimpiya oyunlarında iştirak etməli olduğu yarışlardan biri ləğv edilib.

Allsport.az xəbər verir ki, millinin məşqçisi Ruslan Hətəmxanov məlumat verib.

Onun sözlərinə görə, suyun temperaturunun yüksək olması səbəbindən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışı proqramdan tamamilə çıxarılıb:

“Süleyman İsmayılzadə Dəkər-2026-da üç – 200, 400 və 800 metr məsafə üzrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparmalı idi. Lakin suyun temperaturunun yüksək olması ilə əlaqədar 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları ləğv edildi. Maraqlıdır ki, yarışın vaxtı dəyişdirilmədi, birbaşa proqramdan çıxarıldı. İlk dəfədir belə bir halla qarşılaşırıq. Qərar heç kimlə müzakirə edilmədən qəbul edildiyi üçün bir qədər narazılıqla qarşıladıq. Həmin məsafədə mübarizə sabah başlamalı idi. Beləliklə, Süleyman oyunlarda iki məsafədə çıxış edəcək”.

Məşqçinin sözlərinə görə, Azərbaycan üzgüçülərindən ilk olaraq Məryəm Cavadova yarışa qatılacaq. O, noyabrın 2-də 100 metr məsafəyə sərbəst üsulla üzəcək.

Süleyman İsmayılzadə isə noyabrın 3-də 400, noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq.

Yarışlar “Tur de löf” idman kompleksində və Dəkər su idmanı mərkəzində keçiriləcək. Hər iki idmançımız artıq bu məkanlarda iki məşq edib. Ruslan Hətəmxanov hazırlıq prosesinin yaxşı getdiyini və komandada hər şeyin qaydasında olduğunu bildirib.

Həmin kateqoriyadan