Azərbaycan Dəkərdə 13 idmançı ilə təmsil olunacaq

Azərbaycan Dəkərdə 13 idmançı ilə təmsil olunacaq

Dəkərdə keçiriləcək yeniyetmələrin IV yay olimpiya oyunlarının başlanmasına sayılı günlər qalıb.

Allsport.az xəbər verir ki, oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək yarışda dünyanın müxtəlif ölkələrindən olan yeniyetmə idmançılar 25 idman növü üzrə mübarizə aparacaqlar.

Afrika qitəsində ilk dəfə təşkil olunacaq olimpiadada Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.

Ölkəmizin idmançıları çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Komandamızın heyətində ən çox təmsilçi çimərlik güləşinin payına düşür. Bu növdə Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq) ölkəmizin idman şərəfini qoruyacaqlar.

Üzgüçülükdə Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq) mübarizə aparacaqlar. Boks yarışlarında Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev çıxış edəcək.

Afrikada ilk olimpiya təcrübəsi

Yeniyetmələrin yay olimpiya oyunları beynəlxalq olimpiya komitəsinin (BOK) himayəsi altında keçirilən idman, təhsil və mədəniyyət tədbiridir. Dəkər-2026 Afrika qitəsində təşkil olunacaq ilk yeniyetmələrin olimpiya oyunları kimi tarixə düşəcək.

Oyunların əvvəlcə 2022-ci ildə keçirilməsi planlaşdırılsa da, KOVID-19 pandemiyasının yaratdığı çətinliklər və Tokio yay olimpiya oyunlarının 2021-ci ilə təxirə salınmasının təşkilati və iqtisadi nəticələri səbəbindən yarışların tarixi dəyişdirilib.

Açılış mərasimi oktyabrın 31-də Seneqal millisinin ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq. Yarışlar noyabrın 13-də bağlanış mərasimi ilə yekunlaşacaq.

Azərbaycanın yeniyetmələrin olimpiya oyunlarındakı nəticələri

Azərbaycan 2010-cu ildən etibarən yeniyetmələrin yay olimpiya oyunlarında iştirak edir. Ölkəmiz indiyədək keçirilən üç olimpiadanın hər birində medal qazanıb.

Sinqapurda təşkil olunan ilk oyunlarda Azərbaycan 12 idmançı ilə 6 növdə təmsil olunub. Komandamız yarışı 5 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 8 medalla başa vurub. Qızıl medalları Murad Bazarov, Elman Muxtarov, Patimat Baqomedova, Nicat Rəhimov və Əli Məhəmmədabirov qazanıblar. Kənan Quliyev, Salman Əlizadə və Elvin İsayev isə gümüş medala sahib olublar.

2014-cü ildə Çinin Nankin şəhərində keçirilən ikinci olimpiadada Azərbaycan 21 idmançı ilə 9 növdə mübarizə aparıb. Komandamız 5 qızıl, 6 gümüş və 1 bürünc medal olmaqla, 12 mükafat qazanıb.

Qızıl medallara Teymur Məmmədov, İqbal Hacızadə, İslambek Dadov, Rüfət Hüseynov və Səid Quliyev layiq görülüblər. Leyla Qurbanova, Leyla Əliyeva, Natiq Qurbanlı, Ceren Özbek, Cabbar Nəcəfov və Boris Yotov gümüş, Nazim Babayev isə bürünc medal qazanıb.

2018-ci ildə Buenos-Ayresdə keçirilən üçüncü olimpiadada Azərbaycan 17 idmançı ilə təmsil olunub. Komandamız yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Cüdoçu Vüqar Talıbov və sərbəst güləşçi Turan Bayramov qızıl medal qazanıblar. Ağırlıqqaldıran Tarmenxan Babayev gümüş, taekvondoçu Cavad Ağayev, boksçu Nurlan Səfərov və qadın güləşçi Şahanə Nəzərova isə bürünc medala sahib olublar.

Beləliklə, Azərbaycan yeniyetmələr arasında keçirilən yay olimpiya oyunlarında indiyədək ümumilikdə 26 medal qazanıb. Bunlardan 12-si qızıl, 10-u gümüş, 4-ü isə bürüncdür.

Dəkər-2026-da 8 idman növündə mübarizə aparacaq 13 təmsilçimizin də bu ənənəni davam etdirərək ölkəmizin medal kolleksiyasını zənginləşdirməsi gözlənilir.

Həmin kateqoriyadan