VİDEO
Mixail Qusman: “Azad Rəhimovda əsl azərbaycanlı özəlliyi vardı”

Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman (şəkildə boz əlbəsədə), CBC televiziyasına gənclər və idman naziri Azad Rəhimovla bağlı öz xatirələrini bölüşüb. Allsport.az saytının məlumatına görə, həmyərlimiz mərhum dövlət rəsmisinin vaxtsız vəfatına çox kədərləndiyini bildirib. Qeyd edib ki, Azad Arif oğlu çox dostcanlı, vətənpərvər, yaxşı və gözəl insan olub:

“Bu gün Azad Rəhimovla, əziz Aziklə vidalaşdıq. Ailəsinə başsağlığı verirəm, erkən yaşlarında doğma insanı itirmək çox ağırdır. Azadla 35 ilidir dostluq edirdim. O, çox heyratamiz və alicənab insan idi. Bu gün onun dəfnində məhdud sayda adam iştirak etdi. Əminəm ki, pandemiya olmasaydı, minlərlə bakılı küçəyə çıxıb, onu son mənzilə yola salardılar.

Onunla tək Bakıda vidalaşmadılar. Aziki bütün dünyada tanıyır və sevirdi. Azərbaycanın məğrur bayrağının beynəlxalq idman yarışlarında və mədəniyyət tədbirlərində yüksəlməsi üçün, illər sərf etdi. O, gözəl övlad, ər, ata, baba, yaxşı dost olmaqla yanaşı, böyük vətənpərvər idi. Azərbaycan onun üçün hər şeydi. Onda əsl Azərbaycanlı özəlliyi vardı”.

Xatırladaq ki, Azad Rəhimov bu ilin yanvar ayından ABŞ-da ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 apreldə Bakı vaxtı ilə saat 22:45-də Nyu-Yorkda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2 mayda 2-ci Fəxri xiyabanda dəfn olunub.

Həmin kateqoriyadan