“Neftçi İdman Klubu”nun futzal komandasında köklü dəyişiklik

“Neftçi İdman Klubu”nun yüksək liqada çıxış edən futzal komandası qış fasiləsində məşqlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün EKOL ilə yoldaşlıq oyunu keçirib. “Olimpik Star” idman və əyləncə mərkəzində baş tutan qarşılaşmada “neftçilər” baxımlı oyun nümayiş etdiriblər. Komandaya yeni baş məşqçinin təyin edilməsinə və heyətə yeni oyunçuların cəlb olunmasına rəğmən, göstərilən oyunun zövqoxşayan olması böyük maraqla qarşılanıb.

Bu günlərdə futzal komandasını daha da inkişaf etdirmək və onu yüksək liqanın iddialıları səviyyəsinə qaldırmaq məqsədilə “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun göstərişi ilə komandada köklü dəyişikliklər edilib. Belə ki, komandanın meneceri Ruslan Hüseynov vəzifəsindən azad olunub və başqa işə keçirilib.

Bundan sonra o, uşaq futbolu sahəsində fəaliyyətini davam etdirəcək. Elşad Quliyev isə komandaya baş məşqçi təyin edilib. O, bu postda həmkarı İlqar Aslanovu əvəzləyib. Bundan əlavə, ilkin olaraq turnir cədvəlində ilk üçlüyə düşməyi, sonra isə çempionluğa oynamağı hədəfləyən komandaya yeni, gənc və perspektivli futzalçılar da cəlb olunub.

Həmin kateqoriyadan