“Qəbələ” “Simurq”u artıq bir dəfə keçib

Azərbaycan kubokunda mübarizə əsas mərhələyə qədəm qoyur. Allsport.az xəbər verir ki, məhz 1/4 final mərhələsindən baslayaraq qalib 1 deyil, 2 oyunun nəticəsinə əsasən müəyyənləsir. “Qəbələ”nin bu mərhələdə rəqibi “Simurq”dur.

Davam edən ənənə

Püşkə əsasən “Qəbələ”nin Zaqatala təmsilçisi ilə ilk oyunu martın 4-də evdə olacaq. Bununla da özünəməxsus ənənə davam edəcək. Belə ki, bu komanda kubokda ardıcıl 5-ci mövsümdür, bu mərhələdə ilk matçını öz meydanında keçirəcək. “Qəbələ” yarımfinala vəsiqə qazanarsa, birinci oyunu bu dəfə rəqib meydanında keçirəcək. Potensial rəqib “Qarabağ” – “Bakı” matçında müəyyənləşəcək.

“Simurq”la uğurlu ilk sınaq

“Qəbələ” 2005/06 mövsümündən çıxış etdiyi ölkə kubokunda indiyədək 38 rəqiblə üz-üzə gəlib. “Simurq”la yollar bir dəfə kəsişib. Həmin duel 2007/08 mövsümünə təsadüf edib və “Qəbələ” üçün uğurlu olub. Onda ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” Zaqatalada keçirilən cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərdə vurulan qol komandanı 1/4-ə çıxarıb. Yeri gəlmişkən, onda “Qəbələ” ilk dəfə bu mərhələnin iştirakçısı olub.

Kubokda 4 illik məğlubiyyətsiz seriya

“Qırmızı-qaralar” ölkə kubokunda 41-ci matçına çıxacaq. Bu turnirdə komandanın hesabında 20 qələbə, 11 heç-heçə və 9 məğlubiyyət var. Ötən mövsüm tarixində ilk dəfə finala çıxan “Qəbələ” “Neftçi”yə yalnız matçsonrası penaltilər seriyasında yenilib. Bunu nəzərə almasaq, “Qəbələ” kubokda 12 matçlıq məğlubiyyətsiz seriyaya malikdir. Həmin uğurlu seriya 2010/11 mövsümündə, həm də məhz 1/4 final mərhələsindən başlayıb. “Qəbələ” 2011-ci il martın 8-də “Bakı”ya səfərdəki cavab matçında 0:1 hesabı ilə uduzduqdan sonra kubokda artıq 4 ildir oyunda məğlub olmur.

“Qəbələ” bu mövsüm kubokda mübarizəyə böyük hesablı qələbə ilə başlayıb. Belə ki, bu komanda 1/8 finalda I divizion təmsilçisi “Ağsu”nu 3:0 hesabı ilə məğlub edib.

Yeni baş məşqçi 7-ci mütəxəssis olacaq

Bu il kubokda ilk oyun ukraynalı baş məşqçi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Belə ki, 50 yaşlı çalışdırıcı Azərbaycan kubokunda debüt edəcək. Qriqorçuk sabiq çalışdırıcılar – Faiq Cabbarov, Ramiz Məmmədov, ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak, rusiyalı Yuri Syomin və rumıniyalı Dorinel Muntyanudan sonra Azərbaycan kubokunda debüt edən 7-ci mütəxəssis olacaq.

Ukraynalı çalışdırıcı məşqçilik karyerasında kubok qazana bilib. Qriqorçuk bu uğura 2 dəfə – 2005 və 2007- ci illərdə Latviyada “Ventspils” klubunu çalışdırdığı dövrdə nail olub. Qriqorçuk bu ölkənin digər təmsilçisi “Dinaburq”un baş məşqçisi olduğu zaman isə 2001-ci ildə kubokun finalçısı olub. O, “Qəbələ”yə gələnədək vətənində rəhbərlik etdiyi “Çernomorets”lə də ölkə kubokunun finalınadək irəliləyib. Ancaq 2012/13 mövsümünün həlledici matçında “Şaxtyor”a 0:3 hesabı ilə uduzan Odessa təmsilçisi titul qazana bilməyib. Ancaq buna baxmayaraq, “Şaxtyor” həmin mövsümün çempionu olduğundan, Qriqorçukun komandası Avropa Liqasına vəsiqə qazanıb.

Həmin kateqoriyadan