“Qəbələ”də yeni departament və təyinat

Uzun illərdir “Qəbələ” klubunda müxtəlif sahələrdə çalışan məşqçi Elşən İsgəndərova yeni vəzifə tapşırılıb. Allsport.az xəbər verir ki, o, “Qəbələ”də Futbolun Kütləviləşdirilməsi, Seleksiyası və Məşq Bazası Departamentinə direktor təyin olunub. Bu həmin departamentdir ki, indiyə qədər FKD (Futbolun Kütləviləşdirilməsi Departamenti) kimi tanınırdı.

E.İsgəndərov klub qəzetinə açıqlamasında bildirib ki, yenilənmiş departamentdə geniş proqramla fəaliyyət göstərəcək: “Biz bütün kəndlərə, məktəblərə gedərək, “Qəbələ” İdman Klubunu daha da tanıtdırmağa, sevdirməyə çalışacağıq. Uşaqlara təkcə futbolla bağlı deyil, klubumuzun nəzdində fəaliyyət göstərən digər idman növləri haqqında da məlumat verəcəyik. Bunu kiçik iş planımız hesab edirik. Əsas məqsədimiz isə sırf futbolun tətbiqidir. Əyləncəli oyunlar sayəsində qəbələli uşaqlar arasında futbolu kütləviləşdirmək, daha sonra seçimlər apararaq, onlara ilk təməl məşqləri keçməklə akademiyaya hazırlamaq fikrindəyik”.

Xatırladaq ki, Elşən İsgəndərov klub Qəbələyə köçdüyü ilk gündən burada işləyir. Əvəzedicilərlə 1 gümüş və 4 bürünc medala layiq görülən E.İsgəndərov 19 yaşlılarla çempionluq sevinci yaşayıb. O, son iş yeri ilə indikini də müqayisə edib: “Əvvəlki və hazırkı işim arasında böyük fərq var. Əgər əvəzedici komandada intensivlik, fiziki, taktiki, psixoloji hazırlıq öndə dururdusa, kiçikyaşlı uşaqlar üçün tam fərqli iş prinsipləri mövcuddur. Onlara metodikanı öyrətmək önəmlidir. Bizim işimiz başlanğıc, bünövrə sayılır, strukturu düzgün qurmaqdan ibarətdir. Əvəzedicilərdə yalnız futbolçularla işləyirdiksə, burada uşaqlarla yanaşı onların valideynləri, məktəb idman müəllimləri, təhsil şöbəsi ilə sıx təmasda oluruq”.

Həmin kateqoriyadan