“Qəbələ”nin yaranmasından 14 il ötür

Bu gün “Qəbələ” idman klubunun yaranmasının 14 ili tamam olur. Allsport.az saytı xəbər verir ki, komandamız 2005-ci il sentyabrın 1-də Xanların “Göy-Göl” klubu kimi qeydiyyatdan keçib. 2005-2006-cı illər mövsümünün gedişində klubun adı dəyişdirilib və “Gilan” olub. İlk mövsümdə 1-ci dəstənin çempionu olan komandamız premyer liqada oynamaq hüququ qazanıb. Klubumuz 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçüb. Debüt mövsümünün ardından adını dəyişən “Gilan” 2007-ci ilin avqustundan “Qəbələ” kimi yarışlarda çıxış edir.

Bu müddətdə 5 dəfə premyer liqasının mükafatçıları sırasına düşən klub 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində bürünc, ardınca 2016-2017 və 2017-2018 mövsümlərində gümüş medallara yiyələnib.

2014-cü ildə avrokuboklarda debüt edən “Qəbələ” ardıcıl 6 mövsüm UEFA Avropa liqasında mübarizə aparıb. 2015-2016 və 2016-2017-ci illərdə isə təsnifat mərhələlərində 4 rəqibini mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrupda qüvvəsini sınayıb. “Qəbələ” Avropa liqasının tarixində ardıcıl iki il 4 mərhələ keçməklə qrupa düşən ilk komanda olub.

2018-2019-cu illər mövsümündə Azərbaycan kubokunun qalibi olan komandamız daha üç dəfə finalda oynayıb. 2013-2014, 2016-2017 və 2017-2018-ci illər mövsümündə kubokun bir addımlığınadək irəliləyib.

“Qəbələ” idman klubunun əsas komandası ilə yanaşı futbol akademiyası, həmçinin digər idman növlərindəki təmsilçiləri də uğurları ilə diqqət çəkib. Hazırda Azərbaycanın əksər klublarında “Qəbələ” akademiyasının yetirmələri çıxış edir. Klubumuzda yetişən istedadlar arasında karyerasını ölkə xaricində davam etdirənlər də olub. 2013-cü ildən İdman Klubu kimi fəaliyyət göstərən “Qəbələ”nin təmsilçiləri müxtəlif növlərdə dünya və Avropa miqyaslı turnirlərdə, Olimpiya, Avropa və İslam oyunlarında da mükafatçılar sırasına düşüblər.

Həmin kateqoriyadan