“Qarşıyaxa” Kamran Ağayevlə müqaviləni ləğv edir

Milli komandamızın əsas qapıçısı Kamran Ağayev “Qarşıyaxa”dan ayrılır. Allsport.az saytı xəbər verir ki, qolkiper artıq Türkiyə klubuna lazım deyil. Buna səbəb, onun həmkarı Ərsin Aydının son turlarda özünü yaxşı tərəfdən göstərməsidir. Həmyerlimiz icazə aldığı üçün Vətənə döndüyündən, məşqçilər korpusu son vaxtlar məcburiyyətdən Aydına şans verib.

Ardıcıl məğlubiyyətlərdən sonra “Balıkəsirspor”la ötən tur matçında ilk dəfə çərçivədə dayanan 25 yaşlı kiperin qurtarışları sayəsində “Qarşıyaxa” 1 xal (0:0) qazanmağı bacarıb. Mövsümün əvvəlində 3-cü liqa təmsilçisi “Darıca Gənclərbirliyi”dən 120 min lirəyə alınan Ərsinə artıq İzmir komandasının əsas qapıçısı gözü ilə baxılır. Yerli fanatlar da “Balıkəsirspor”la görüşdən sonra onu alqışlarla yola salmaqla razılığını göstərib.

Yeniasir.com.tr-in məlumatına görə, həm məşqçilər korpusunun, həm də rəhbərliyin Aydına inamı Kamranın klubdan ayrılması ilə nəticələnəcək. Türkiyə mətbuatı PTT I liqa təmsilçisinin Ağayevi artıq komandada görmək istəmədiyini yazıb. Hətta bu gün İzmirə qayıtması gözlənilən həmyerlimizin müqaviləsinin ləğv ediləcəyi də xüsusi vurğulanıb. O, 3 aydan çoxdur maaş almadığı üçün, artıq azad agent statusu daşıya bilər. Onunla yanaşı, digər 4 əcnəbi futbolçunun da yüksək məvacib aldığı üçün yola salınması gözlənilır.

Həmin kateqoriyadan