Qızıl medalları dəst olan yeganə azərbaycanlı! Zemfira Meftəhəddinova – 60!

Əməkdar bədən tərbiyəsi və idman xadimi Zemfira Meftəhəddinovanın 60 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, o, 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Stend atıcılığı ilə məşğuliyyətə uşaq yaşlarından başlayıb. Şəxsi məşqçisi Hafiz Cəfərov olub. Onun idmançı karyerası zəngindir. Bütün mötəbər yarışlarda qızıl medalları dəst edən yeganə azərbaycanlıdır. Əsas böyük uğurları müstəqillik dönəminə düşür.

Zemfira Meftəhəddinova olimpiya çempionu (Sidney-2000) və bürünc medalçısı (Afina-2004); 2-qat dünya çempionu (1995-2001), 1 dəfə gümüş (1986) və 1 dəfə bürünc (1990) mükafatçısı; 6-qat Avropa çempionu (1986-88, 1993, 1997, 2003), 3 dəfə gümüş (1986, 1988, 1990) və 1 dəfə bürünc (1995) medalçısı; dünya kubokunun sahibidir (1998).

Müxtəlif illərdə Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan prezidentlərinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı, Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.

O, 2015-ci ildən daxili işlər nazirliyinin idman cəmiyyətinin rəisi, 2021-ci ildən Azərbaycan atıcılıq federasiyasının və milli olimpiya komitəsinin vitse-prezidentidir.

Həmin kateqoriyadan