Rəssamlar Avropa Oyunlarına 50 gün qalmasını necə qeyd etdilər?

Bu gün, Bakı 2015, şəhərin mərkəzində idman və incəsənəti bir araya gətirərək hazırlanan xüsusi tədbirlə Birinci Avropa Oyunlarına 50 gün qalmasını qeyd edir. Allsport.az xəbər verir ki, mükafata layiq görülmüş fransız rəssam Dafne Bitçaç da daxil olmaqla 4-ü azərbaycanlı, 4-ü də Avropa ölkələrindən gələn 8 rəssam Avropa Oyunlarının maskotları Ceyran və Narın heykəllərini bəzəmək üçün Bakıya dəvət olunublar.

Rəssamlar boyamanı bitirəndən sonar, bu heykəllər Oyunlar zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində yerləşdiriləcək.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bu barədə dedi: “Bakı 2015-in başlamasına 50 gün qaldığı bir vaxtda yaradıcılıqları ilə ilk Avropa Oyunlarına yaddaşlara həkk olunacaq töhvə verəcək 8 rəssamın hər birini salamlayıram. Bakı 2015-i bizimlə birlikdə bayram edən bütün azarkeşlər, onların yaratdıqları incəsənət nümunələrini izləyə biləcəklər. Bu nümunə eyni zamanda, Avropanın fərqliliyini vurğulayacaq”.

Tədbirə cəlb olunan digər rəssamlar italiyalı Albert Loro, alman İnge H.Şmidt və latviyalı Andris Vitolinsdi. Azərbaycanlı rəssamlardan isə Nailə Sultan və Eldar İbadullayev, eləcə də, Azərbaycan Dövlət Tətbiqi İncəsənət Akademiyasının müsabiqəsində qalib gəlmiş iki tələbəsi Fidan Novruzova və Fərəh Mirzəyeva da tədbirə dəvət olunublar.

Dafne Bitçaç tədbirdə iştirak edəcək səkkiz rəssamdan biri olduğu üçün məmnunluğunu bildirdi: “İlk Avropa Oyunları üçün bu cür yaddaqalan töhvə yaratmağa dəvət olunmağım mənə qürur hissi verir. Bu, bizə, Bakı 2015-i yüksək səviyyəli tədbirə çevirmək və Avropa Oyunlarının sosial irsinə öz töhvəmizi vermək üçün möhtəşəm imkan yaradır”.

Avropa Oyunlarına 50 gün qaldığı bir vaxtda, bu yay Bakıda gerçəkləşəcək möhtəşəm idman bayramına son hazırlıqlar davam etməkdədir. Ötən həftə boks və güləş üzrə beynəlxlaq turnirlərlə idman növləri üzrə test yarışları proqramına yekun vuruldu. Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların təşkilatçılığından və qazanılan müvəffəqiyyətdən məmnunluğunu ifadə etdi.

O dedi: “Biz böyük kütlə qarşısında beş gün intensiv beynəlxalq rəqabətin şahidi olduq. Bu bizim əməliyyat hazırlığımız üçün böyük sınaq idi. Xidmətlər, bilet satışı əməliyyatları, əməkdaşlar və könüllülər hamısı yüksək bacarıq nümayiş etdirdilər, biz nəticə olaraq çox yüksək səviyyə rəqabət gördük. Bakı 2015 Avropa Oyunları vaxtı böyük tamaşa zövqü yaşanacağını gözləyə bilərik”.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa olaraq, Bakı şəhərinin 11 əlverişli məkanında, o cümlədən Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzlərindən və www.baku2015.com/tickets vebsaytında almaq olar.

Həmin kateqoriyadan