Şahin Diniyev: “Oyunçular “çemodan” əhval-ruhiyyəsindədir”

Topaz Premyer Liqasının 18-ci turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu oyuna Yevlaxda hazırlaşıb. Allsport.az xəbər verir ki, dekabrın 17-dən Yevlaxda olan komanda Bakı klubu ilə oyun öncəsi son məşqini də bu şəhərdə keçirib. “Sarı-göylər” hazırlıq prosesinin ardından Gəncəyə yollanıb.

Bu arada komandanın baş məşqçisi Şahin Diniyev klub saytına “Neftçi” ilə oyunla bağlı fikirlərini bölüşüb: “Əvvəlcə onu deyim ki, Yevlaxda bizə yaradılan şəraitdən məmnunuq. Bərpa olunmaq üçün gözəl məkandır, sakitlik var. İlin son sınağına hazırlaşırıq. Qarşıdakı oyunun da çətin keçəcəyini söyləmək olar. Çünki “Neftçi” adı artıq rəqib haqda hər şeyi deyir, əlavə təqdimata ehtiyac yoxdur. Hər zaman iddialı olan köklü klubumuzdur. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çətin olsa da, bunu bacarmağa çalışacağıq. İlin son oyunudur, ona görə də hamı “çemodan” əhval-ruhiyyəsindədir. Uşaqlar məzuniyyətə buraxılacaqlar. Belə vaxtda toparlanmaq çətindir. Lakin mən inanıram ki, yaxşı oyun sərgiləyib evə gülərüzlə gedəcəyik. Yorğunluq var, bu da başa düşüləndir. Bir heyətlə oynayırıq, rotasiya etməyə gücümüz yoxdur”.

Həmin kateqoriyadan