Qazaxda idman festivalı keçirilir

Qazaxda idman festivalı keçirilir

2026-cı ilin “İdman paytaxtı” seçilən Qazax şəhərində idman festivalı təşkil olunur.

Allsport.az xəbər verir ki, festivalda 13-15 yaşlı uşaqlar 24 idman növü üzrə mübarizə aparırlar.

İştirakçılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük üzrə təmsil olunurlar.

Festival çərçivəsində idman yarışları ilə yanaşı, ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, AMADA və süni intellekt mövzularında təlimlər də keçirilir. Həmçinin iştirakçılar arasında kamandan oxatma yarışı təşkil olunub.

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb. Nazir uşaqlarla söhbət edib, onların suallarını cavablandırıb.

Səmimi şəraitdə keçən görüşdə müxtəlif idman növlərini təmsil edən iştirakçılar festivalla bağlı təəssüratlarını bölüşüblər.

Sonda Fərid Qayıbov idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdman festivalına noyabrın 22-də yekun vurulacaq.

Həmin kateqoriyadan