Azərbaycanın Xorvatiya sınağı: bu dəfə də darmadağın?

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Allsport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki yeddinci oyununda Xorvatiyanı qəbul edəcək.

Qeyd edək ki, Xorvatiya Azərbaycan yığması üçün bu seçmə mərhələyə qədər tanış rəqib deyildi. Belə ki, millimiz cari tsiklə qədər sözügedən komanda ilə heç vaxt qarşılaşmamışdı. Amma tərəflər arasında ötən ilin oktyabr ayına təsadüf edən ilk oyun millimiz üçün faciəvi hesabla başa çatıb – 0:6. Hansı ki, məhz Osiyekdəki həmin oyundan sonra millimizin baş məşqçi postunda dəyişiklik baş verdi. Almaniyalı Berti Foqtsun istefası nəticəsində onu xorvatiyalı Robert Prosineçki əvəzlədi.

Xorvatiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 13-cü yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə – 106-cı pillədə qərarlaşıb. Dünya və Avropa çempionatlarının iştirakçısı olmuş rəqibimiz kifayət qədər güclü komandadır.

Xorvatiya millisinə yerli mütəxəssis Niko Kovaç başçılıq edir. 44 yaşlı məşqçi 2013-cü ildən etibarən bu yığmanı çalışdırır. 2009-cu ildən məşqçilik edən mütəxəssis 2012/2013-cü illər aralığında ölkəsinin gənclərdən ibarət yığmasını çalışdırıb. Elə əsas komandaya da U-21-dən gəlib. Xorvatiya yığmasının hazırda qrupdan çıxmağa əsas namizədlərdən olması da məhz Kovaçın uğurlu fəaliyyətinin nəticəsidir.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
3 sentyabr

21:00. Azərbaycan – Xorvatiya
Baş hakim: Ruddi Buke (Fransa).
Bakı. “Bakcell Arena”.

Həmin kateqoriyadan