Bakıda Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyası keçirilib

Oktyabrın 10-da “Park İNN Baku” mehmanxanasında Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyası keçirilib. Allsport.az xəbər verir ki, assambleya üzvlərini salamlayan Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer rəhbərlik etdiyim qurumun və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresinə Bakının yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. O bildirib ki, iki gün ərzində birgə konqresdə maraqlı müzakirələr aparılıb. Bu müzakirələr dünyada ədalətli oyunlar prinsipinin qorunmasına və şəffaflığın artırılmasına mühüm töhfə verəcək. Qurumumuzun məqsədi uzun illərdir ədalətli oyunlar prinsipinin dünyada tanıdılmasına nail olmaqdır.

Tədbirdə Avropa Qeyri-Hökumət İdman Təşkilatı ilə Avropa “Play Fair” Hərəkatı arasında anlaşma memorandumu imzalanıb. Memorandumu hər iki qurumun rəhbərləri Karlos Kardoso və Kristian Hinterberqer imzalayıblar.

Sonra Avropa Taekvondo Birliyi ilə Avropa “Fair Play” Hərəkatı arasındakı anlaşma memorandumuna əsasən İsveçrə Taekvondo Federasiyasının prezidenti Abdennebi Amhamd təqdimatla çıxış edib.

Təqdimatda idmanın bu növünün kütləviləşməsi istiqamətində görülən işlərdən, taekvondonun qaydalarından söz açılıb, Azərbaycan atletlərinin qazandığı nailiyyətlərdən və “Bakı-2015” birinci Avropa Oyunlarının taekvondo yarışlarının yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdırılıb.

Sonra Olimpiya Oyunlarında və mötəbər beynəlxalq turnirlərdə taekvondo yarışlarından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Avropa “Fair Play” Hərəkatının prezidentinin, həmçinin qurumun maliyyə hesabatları müzakirə edilib, gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan