Hafiz Məmmədov “Lans”ı itirdiyini təsdiqləyib

Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi!

Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət edən və azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus (“Hafka”) RLS Holding şirkətini müflis elan edib. Allsport.az saytı xəbər verir ki, bununla da o, 2 il əvvəl aldığı Fransa komandası üzərində mülkiyyət hüququnu itirib.

Məhkəmənin belə qərar verməsinə səbəb onun müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5.6 milyon avro vəsaiti ödəyə bilməyib. O, “qırmızı-sarılar”ın səhmlərinin üçdə ikisini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu. Lakin klubu alandan az sonra, iş adamının “Baghlan Group” şirkəti müflis olub və oliqarxın biznesi çöküb. Nəticədə o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib.

Fransa mətbuatının yazdığına görə, “Lans”ın yeni sahibi Kot-d`İvuardan olan biznesmen, CKG şirkətlər qrupunun sahibi Çarlz Kader Qura olacaq. O, “Lans”ın inkişafına 30 milyon avro yatırmağa və 5.6 milyon avroluq borcunu ödəməyə hazırdır. Hafiz Məmmədov isə bu sövdələşmədən heç nə əldə edə bilməyəcək. Çünki onun şirkəti məhkəmə tərəfindən müflis elan edilib və biznesmen məhkəmə qaydasında kluba mülkiyyət hüququnu itirib. “Lans”a afrikalı biznesmenlə yanaşı “Atletiko” klubunun sahibləri də iddia edirlər. Klubun taleyi mayın sonlarına qədər həll olunmalıdır.

Hafiz Məmmədov virtualaz.org saytına açıqlamasında “Lans”ı itirdiyini təsdiqləyib və bunu həyatında “ən faciəli günlərdən biri” adlandırıb: “Təəssüf ki, artıq bizim üçrəngli bayrağımız artıq “Lans”ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! Təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun çirkin, alçaq oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu. Bu işdə bəzi başqa məmurlar və biznesmenlər də iştirak etdi”.

O, əlavə edib ki, ona borclu olan bəzi adamlar və şirkətlər də vədlərinə xilaf çıxıblar, borclarını ödəməyiblər: “Mənim bütün şirkətlərim defolta yuvarlandı, banklarla problem başladı. Bu situasiyada klubu əldə saxlamaq üçün mənə kömək etməli idilər. Mən klubu Azərbaycanın istənilən oliqarxına güzəştə getməyə hazır idim, ancaq heç kim razılaşmadı. Beləliklə, biz “Lans”ı itirdik”.

Həmin kateqoriyadan