İlham Əliyev: Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur

“Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var”. 

Allsport.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev 5-ci İslam həmrəyliyi oyunlarında mükafat qazanan idmançılarla görüşdə deyib. Onun sözünə görə, federasiyalarda və eyni zamanda, gənclər və idman nazirliyində baş vermiş dəyişikliklər yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır: “İdmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki, edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun.

Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, milli olimpiya komitəsi, gənclər və idman nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən milli olimpiya komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir.

İslam oyunlarından sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda yay olimpiya oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi yay olimpiya oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, yay olimpiya oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik”.

Həmin kateqoriyadan