- Baxış sayı: 54
- 11 Oktyabr 2026 13:57
- Baxış sayı: 40
- Oktyabr 12, 2026
- 0

Rəşad Rəsullu: “İdmançı qızıl medal qazanmırsa, heç nə etmədiyi mənasına gəlmir”
Elnur Məmmədli: “Bir jurnalist görsəm ki, məni tənqid edir və bilsəm ki, o, hamısından yaxşıdır, onu demərəm”
4-12 oktyabrda Milli gimnastika arenasında cüdoçuların dünya çempionatı keçirildi. Tarixində 2-ci dəfə bu nüfuzlu tədbirə ev sahibi edən Azərbaycan rəqabətə 17 kişi idmançı ilə qatıldı – 100 kq-da 1; 60, 73 kq-da 2; 66, 81, 90 və +100 kq-larda ölkəmizi 3 nəfər təmsil etdi. Müjdə elə ilk gündə gəldi. Hər kəsin Balabəy Ağayevdən qızıl medal gözlədiyi bir məqamda 60 kq-da Əhməd Yusifov “B” dəstəsində cəbhəni yarıb inamla irəli atıldı. Tutaşmadan tutaşmaya açılan və daha istəkli görünən 27 yaşlı idmançıya həmin gün bəxt də yana oldu. Təəssüf ki, növbəti mübarizələrdə qızıl sədası gəlmədi. Oxşar durum 73 kq-da da yaşandı. Amma bu dəfə zirvə yox, fəxri kürsünün 3-cü pilləsi fəth edildi. Azarkeşlərin diqqəti Paris-2024 fatehi Hidayət Heydərov dikildi, amma mükafat Rəşid Məmmədəliyevdən gəldi.
Sonra daha 2 gümüş və 3 bürünc medal qazanıldı. Tamaşaçıların ümidi digər olimpiya çempionu Zelim Kotsoyevə idi. Fəqət, o da ən titullu həmkarı kimi 7-liyə belə düşə bilmədi. Hər ikisinin yenilgisinin üslubu da oxşar oldu. 81 kq-da gənc Ömər Rəcəblinin, 90 kq-da Murad Fətiyevin, özəlliklə, ən ağır çəkidə Kənan Nəsibovun iradəsi və əzmkarlığı qeyd olunmalıdır.
Ağır otur, batman gəlsin: 100 kq-da Elmar Qasımov bu dünya çempionatında görmədik, halbuki “İrəvan fatehi” son ölkə çempionu olub. Özü də, düz, 35 yaşında! Onun heyətə salınmamasına nə ACF rəhbərliyi, nə də millinin məşqçilər heyəti aydınlıq gətirdi. Ümumi nəticədə “Neftçi” və “Atilla” idman klublarının böyük payı var. Bu, danılmamalı, daim dilə gətirilməlidir.
Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə 2 il sonra 14-30 iyulda qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Los Anceles oyunları deyəcək. Hərçənd narahat doğuran məqamlar var və bunu ACF-in yeni rəhbərliyi dünya çempiontanının bitiminə həsr olunan mətbuat konfransında dilə gətiriblər. Artıq anlayırlar ki, Rövnəq Abdullayev – Elmar Babanlı və rəhmətliklər Sadıq Sadıqov – Elnur Əşrəfoğludan dövr aldıqları ən yüksək işdən əsər-əlamət qalmayıb. Cüdonun vətəni Yaponiyanın paytaxtımızda 3 qızıl, 2 gümüş, 2 bürünc; qonşu gürcülərin 2 qızıl, 1 bürünc medal qazanmaları indidən düşünməyə əsas verir.
İcraçı vitse-prezident Rəşad Rəsullu klassik cüdoda çətinlik yaşadıqlarını etiraf edib və qızıl medalın olmamasının faciə sayılmamasını deyərək, indidən Los Anceles-2028 üçün bəhanə yeri qoyub: “Klassik cüdoda yaxşı deyilik və bununla bağlı əsas millidə çətinlik yaşayırıq. Bunun da həlli təhsildən keçir. Biz bununla bağlı layihə həyata keçiririk ki, uzaq gələcəkdə texniki çətinliklə üzləşməyək.
İdmançı qızıl medal qazanmırsa, heç nə etmədiyi mənasına gəlmir. Bu, onlara hörmətsizlikdir. Bəzən bunu maddi amillərə bağlayır, bəzən isə təhqiredici ifadələr işlədirlər. Bunlar isə ona gətirib çıxarır ki, idmançılar həvəsdən düşürlər və bizə də deyirlər.
Laşa Bekauri 2-qat olimpiya çempionudur, amma Paris-2024-dən sonra başqa hansı nailiyyəti var? Amma bizdə deyirlər ki, qudurub, məşq etmir. Təəssüf ki, bizdə insanlar azarkeşlik etməyi bacarmırlar. Bəzən dünya və Avropa nailiyyətlərini heçə sayırlar. Gəlsinlər, öz həyatlarında nəyə nail olduqlarını desinlər, sonra belə danışsınlar. Bəli, Hidayət Heydərov il boyunca yarışlarda iştirak etsəydi, əmsalı yuxarı olardı və dünya çempionatında daha yüksək reytinqli kimi rəqabətə bir qədər irəlidən başlayardı. Biz hər şeyi qızılla ölçürük. Təəssüf ki, bu, belədir”.
Vitse-prezident Elnur Məmmədli titullu idmançıların hər zaman medal verməsinin vacib şərt olmadığını söyləyib və dolayısı ilə onlara yenilməkdə haqq qazandırıb. Eyham vurub ki, nəticə olmayanda susmaq lazımdır, tənqid qəti olmaz: “Mən də güləşmişəm. Biz çempion olanda, əla. Uduzan kimi, hamı “baltalayırdı”. Bir jurnalist görsəm ki, məni tənqid edir və bilsəm ki, o, hamısından yaxşıdır, onu demərəm. Bu, açığa gedir. İdmançılar jurnalistlərdən qaçırlar? Siz də dəyişin. Gerçəyi deyirəm. Necə ki, biz burada istəyirik idmançı dəyişsiz, sizdə də dəyişin. Olimpiya çempionları, dünya çempionları – bu, insandır. Möhür deyillər ki, hər il eyni şeyi vursunlar. Onlar xəstələnə də bilərlər, zədələnə də bilərlər, özlərini pis hiss edə də bilərlər. Sabah Zelim və Hidayət Los Anceles-2028-də olimpiya çempionu olsalar, Allah qoysa, onda necə olacaq? Hə, onda əla olacaq”.