Ölkə çempionatında mövsüm başa çatdı

Bu gün Premyer Liqada 2015/16 mövsümünə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, çempionatın həlledici – 36-cı turunun qarşılaşmaları eyni gündə keçirilib. 3-cü pillədə qərarlaşan “İnter” doğma meydanda gümüş medalları ötən tur təmin etmiş “Zirə”ni qəbul edib. “Bankçılar” bu oyunda minimal hesablı qələbəyə sevinib – 1:0.

Bürünc mükafat uğrunda mübarizə aparan digər 2 komanda – “Kəpəz” ilə “Qəbələ” isə Gəncədə üz-üzə gəliblər. Prinsipial mübarizədə qələbə qonaqlara qismət olub – 1:0. Nəticədə, “İnter”lə “Qəbələ” eyni xala malik olsa da, öz aralarındakı şəxsi oyunlara görə üstünlüyə malik olan “Qəbələ” növbəti dəfə Premyer Liqanın bürünc medallarına sahib çıxıb.

Çempionatın aşkar autsayderləri – “Rəvan” və “Xəzər Lənkəran” da həlledici turda bir-biri ilə üz-üzə gəliblər. Cənub təmsilçisi iki qolla öndə olduğu bu qarşılaşmanın sonlarında buraxdığı iki top nəticəsində heç-heçə ilə kifayətlənməli olub – 2:2. Hansı ki, bu heç-heçə “Rəvan”ın işinə yarayıb. Nəticədə, bakılılar mövsümü 9-cu, lənkəranlılar isə sonuncu pillədə başa vurublar.

Çempionatı 6-cı pillədə başa vurmaqla Avropa Liqasında Premyer Liqa vasitəsilə vəsiqə qazanmağı hədəfləyən “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüşdə hesabı paytaxt təmsilçisi açsa da, sonda qələbəni meydan sahibləri bayram ediblər (2:1). Buna baxmayaraq, “ağ-qaralar” mövsümü altıncı pillədə başa vurmağa nail olublar. Çünki “Neftçi”nin bu yolda əsas rəqibi AzAL da son turu məğlub başa vurub. “Təyyarəçilər”in avrokubok arzusunun üstündən çempion “Qarabağ” çəkib – 3:0.

Həmin kateqoriyadan