“Qəbələ” Dmitri Bezotosnı ilə müqaviləni yenilədi

“Qəbələ” qapıçısı Dmitri Bezotosnı ilə müqavilənin müddətini uzadıb. Allsport.az saytı xəbər verir ki, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 32 yaşlı qolkiper daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin şərəfini qoruyan Bezotosnı komandamızın heyətində 2014-2015 və 2015-2016 mövsümlərində Premyer Liqanın bürünc mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 61 matçda 41 qol buraxıb.

Ukraynalı qolkiper Premyer Liqada 43 oyunda 23, Azərbaycan kubokunda 6 matçda 7, Avropa Liqasında 12 qarşılaşmada 11 dəfə qapısında qol görüb. Dmitri 2015-2016-cı illər mövsümündə Premyer Liqada ən çox “quru” oyun keçirən qapıçıdır. O, meydana çıxdığı 28 matçın 18-də qapısını toxunulmaz saxlayıb.

Həmin kateqoriyadan