Qaliblər mükafatlandırıldılar

Bu gün “İnter Arena”ın ərazisində yerləşən “İnter” kafedə 2005-ci il təvəllüdlü futbolçular arasında keçirilən “Sabahın ulduzları” turnirinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Allsport.az xəbər verir ki, Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə və “İnter”in Uşaq-Gənclər Futbol Məktəbinin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukin turnirdə qalib gəlmiş “İnter” komandasının hər bir üzvünü təbrik ediblər və komandaya uğurlar arzulayıblar.

“İnter”in prezidenti Rəşad Qasımov mərasimə toplaşanları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik etməklə yanaşı, uşaq komandalarının əldə etdikləri uğurlara görə sevindiyini bildirib və rəhbərlik tərəfindən bundan sonra da Uşaq-Gənclər Futbol Məktəbinin inkişafına dəstək göstəriləcəyini vurğulayıb.

Sonda “Sabahın ulduzları” turnirində 1-ci yeri tutmuş komandanın üzvlərinə, eləcə də turniri 3-cü yerdə başa vurmuş 2006-cı və 2007-ci il təvəllüdlü futbolçulara medal və kuboklar təqdim olunub.

Həmin kateqoriyadan