Qurban Qurbanov: “Rövnəq Abdullayevin sözlərini normal qəbul etdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la “Neftçi” arasındakı oyunun başlama saatının bir neçə dəfə dəyişdirilməsinə nə səbəb oldu?
– Sizin hansı dəyişiklikdən danışdığınızı bilmirəm. Mən sadəcə, onu bilirəm ki, müraciətimizdən sonra oyun 17:15-də yox, 15:15-də start götürəcək.

– Bu, komandanıza nə qazandırdı ki?
– Milan “İnter”inə qarşı oyuna hazırlıq üçün əlavə iki saat əldə etdik.

– “Neftçi” tərəfi sizin “İnter”lə oyuna başınızın qarışmasını özləri üçün üstünlük hesab edir. Razısınız?
– Bəli. Amma biz Avropa Liqasında oynamasaydıq da belə, “Neftçi” həmişə üstünlüyə malik olub. Bakılılar bizə qalib gəlmək üçün həmişə yetərli gücə sahibdilər. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Hələ Avroliqa oyununa tam olaraq köklənməmişik. Çünki öncə “Neftçi” ilə qarşılaşacağıq və bu oyun da bizim üçün çox vacibdir. Qarşıdakı oyunlara düzgün yanaşmağa çalışırıq.

– Zədəli futbolçulardan hansı xəbər var?
– “Neftçi” və “İnter”lə oyunlar üçün müsbət bir xəbər yoxdur. Əlbəttə, tədricən sağalırlar. Amma onlardan hansınınsa bu oyunlarda meydana çıxacağını demək olmaz.

– Deməli, Reynaldo, Çumbinyo və Danilo Diası yenə meydanda görə bilməyəcəyik?
– Onların heç birinin meydana çıxmaq şansı yoxdur. Hazır olmayan futbolçunu meydana buraxa bilmərik.

– MOİK ilə kubok oyununu Tofiq Bəhramov adına Respublika stadionundan “Dalğa Arena”ya niyə keçirdiniz?
– Bizi üç ev oyunu gözləyirdi. Dünənki pis hava şəraitində qazonu korlamaq istəmədik. Həm də mərkəzi arenanın qazonu yeni döşənib və tam möhkəmlənməyib. Fikrimcə, hər şey normal oldu və ölkə kubokunun 1/4 finalına vəsiqə qazandıq.

– Rövnəq Abdullayev ötən gün bəyan etdi ki, “əgər Qurban Qurbanovu milliyə gətirsəydik, həm onu, həm də “Qarabağ”ı itirə bilərdik”. Buna münasibətiniz necədir?
– Onun bu açıqlamasına normal baxıram. Bu insanı neçə ildir, tanıyıram. Hələ “Neftçi”də oynadığım dövrdə də normal münasibətlərimiz var idi. Fikrimcə, o, bu sözləri də mənim yaxşılığımı düşünərək deyib. Mən yığmamız üçün həmişə əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam. “Qarabağ”dakı işimlə də milliyə, ölkə futboluna xeyir verməyə çalışıram.

Həmin kateqoriyadan