Son 13 ildə ilk dəfə

Son 13 ildə ilk dəfə

Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında yarışın son turu rekordla əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 13 qolun vurulduğu “Rəvan” – “Xəzər Lənkəran” matçı əvəzedicilərin çempionatları tarixinin ən məhsuldar görüşüdür.

Meydan sahiblərinin 9:4 hesabı ilə qalib gəldiyi oyunadək rekord əvəzedicilərin qərb derbisinə məxsus idi. “Kəpəz”in 1997/98 mövsümündə “Turan”ı 12:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 12 qol qeydə alınmışdı.

Ümumiyyətlə, “Rəvan” – “Xəzər Lənkəran” oyunu təxminən son 12 il yarım ərzində Azərbaycan futbolunun ən qollu oyunudur. Premyer Liqa, I divizion, əvəzedicilərin yarışı və Azərbaycan kuboku turnirlərinin hamısında baş tutan görüşlərə nəzər salsaq, ən azı 13 qolun qeydə alındığı son matç 2003-cü il oktyabrın 19-na təsadüf edib.

Həmin vaxt kubokun 1/8 final mərhələsinin ilk matçında “Lider Qarabağ”la üz-üzə gələn “Şəfa” 14:0 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan